Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması” mövzusunda beynəlxalq seminar keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən "Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması" mövzusuna həsr olunmuş onlayn seminar keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva tədbirdə iştirak edib. Tədbirdə 19 ölkədən 57 nümayəndə iştirak edib.

Forumun açılış mərasimində IOTA-nın vergi məsələləri üzrə eksperti Massimo Morarelli iştirakçıları salamlayaraq seminarın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, bu tədbir müxtəlif ölkələrin vergi sistemlərinin dezinformasiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinin təşkili istiqamətində faydalı platformadır. Seminarda vergi inzibatçılığı barədə dezinformasiya və vergi orqanları adından saxta məlumatların yayılması, bu sahədə effektiv mexanizmlərin tətbiqi, təcrübədən keçirilmiş alətlərin düzgün olmayan informasiya axını prosesinə təsiri barədə təqdimatlar dinlənilib və müzakirə aparılıb. Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) təmsilçiləri Ceyms Beykr və Liam Hobson, Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin nümayəndəsi Ruta Asadauskaite vergi orqanları adından yayılan yanlış xəbərlər, vergi ödəyicilərinə ünvanlanan saxta təkliflər və maliyyə itkiləri ilə nəticələnə biləcək məktubların yayılmasının qarşısını almaq üçün istifadə olunan metodlar barədə ölkələrində tətbiq edilən təcrübəni bölüşüblər. Seminarda qeyd olunub ki, vergi orqanları adından saxta mesajların yayılması son dövrlər vergi inzibatçılığı üçün təhdidə çevrilib. Çevik müdaxilə tələb edən bu proses zaman keçdikcə əksər ölkələr üçün aktuallaşır. Seminarda kommunikasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın, birgə təşəbbüslərin və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.