Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat forumda çıxış ediblər.
Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi də çoxvektorlu əməkdaşlıq potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq və regional müstəvidə ölkələrimizin maraqlarını təmin edən əməkdaşlıq həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində fəaliyyətlər önəmlidir.
Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib. Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini birgə layihələrin icrasını stimullaşdırıb.
Enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Forumda nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33% artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır.
Azərbaycanın xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin, ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin imzalanması mərasimi baş tutub. AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub. DO-DEM MMC ilə “Multipak Ambalaj”şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.
Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin “yaşıl” enerji, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirir.