Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb

Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyası bərpa ediləcək.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizin hidroenerji potensialından səmərəli istifadə etməklə bölgədə “yaşıl enerji” zonasının yaradılması istiqamətində işlər davam etdirilir.

Qarşıya qoyulmuş vəzifələrin icrasından irəli gələrək iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören və “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata imzalayıblar.

Müqaviləyə əsasən, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi dövlət-özəl sektor tərəfdaşlığına, yeni iş yerlərinin yaradılmasına, bərpa olunan enerji sahəsində təcrübə və bacarıqların təkmilləşdirilməsinə, 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfinə və istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək.

Kəlbəcər və Laçın rayonlarında yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilməsi və fəaliyyətinin təşkili layihəsi AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsidir. İlk layihə Ağdam rayonu Şahbulaq kəndində yerləşən əhəngdaşı yatağında mişar daşının istehsalı layihəsi olub.

Qeyd edək ki, Azərbaycanda dayanıqlı enerji növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli ölkənin enerji siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə ölkəmiz dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a ev sahibliyi edəcək. Bu baxımdan, bölgədə alternativ enerji layihələrinin reallaşdırılması, azad olunmuş ərazilərimizdə su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması məqsədilə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.