Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə barədə məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yeniliklər” mövzusunda onlayn görüş keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və yeni imkanlar barədə ətraflı məlumat verib. Bildirilib ki, hüquqi şəxslərin e-qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarla canlı ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı müvafiq sənədlər vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və kağız daşıyıcısında təqdim olunmasına ehtiyac qalmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların aidiyyəti informasiya sistemlərinə inteqrasiyası da təmin edilib.

Bundan başqa, L.Hüseyn-zadə Dünya Bankı Qrupunun «Əlverişli Biznes Mühiti» layihəsi çərçivəsində «Biznesə daxilolma» indikatoru üzrə həyata keçirilən tədbirlər və biznesə başlamanın qiymətləndirilməsi zamanı tətbiq edilən mexanizmlər barədə məlumat verib. Biznesin qeydiyyatı sahəsində həyata keçiriləcək təkmilləşdirmələr diqqətə çatdırılıb. Nəzərdə tutulan yeniliklərə MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, MMC-lərin elektron qeydiyyatının “üz tanıma” üsullarının tətbiqi ilə həyata keçirilməsi və s. daxildir.

Görüşdə biznesin qeydiyyatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün mütəmadi olaraq Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edilir.