Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ilk yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzə turnirin ilk yarımfinal mərhələsi keçirilib.

Açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov vergi xidməti əməkdaşları arasında bu intellektual oyunun ilk dəfə ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində baş tutduğunu xatırladıb. Bilik yarışına olan yüksək maraq, iştirakçılıq təşəbbüslərinin artması və uğurlu nəticələr onun ənənəyə çevrilməsi üçün əlverişli zəmin yaradıb. Bu səbəbdən vergi xidməti əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun hər il keçirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, turnir əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Ümumilikdə 44 komandanın iştirak etdiyi yarışın ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 22 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. İlk yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 11 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.

“Nə? Harada? Nə zaman?” intellektual turnirinin ikinci yarımfinal mərhələsi aprel, final isə may ayında keçiriləcək.