Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İraqın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğu bildirilib. Azərbaycan-İraq əlaqələrinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi qeyd olunub.

Qəbulda ticarət, investisiya, turizm, nəqliyyat, eləcə də iki ölkə üçün mühüm sahələr üzrə tərəfdaşlıq əməkdaşlıq müzakirə olunub. Azərbaycan-İraq iqtisadi münasibətlərinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin artırılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb.

Bildirilib ki,  Azərbaycan-İraq tərəfdaşlığının müxtəlif vektorlar üzrə genişlənməsi üçün əlverişli zəmin mövcuddur. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm yer tutur. Bu sahədə qarşılıqlı faydalı işbirliyi üçün potensial diqqətə çatdırılıb.

Nümayəndə heyəti karbonsuzlaşdırma və enerji keçidi sahəsində görülən işlər barədə məlumat verib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin enerji keçidi prosesinə milli töhfələri artıracağı qeyd edilib.

Görüşdə Azərbaycanın “yaşıl” enerjiyə keçiddə hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.

Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri üzrə 160 İraq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Ötən il ölkəmizdən İraqa ixrac üzrə qeyri-neft-qaz məhsullarının üstünlük təşkil etdiyi qeyd olunub. İraq bazarına ixrac potensialı olan məhsullar və geniş logistik imkanlar nəzərə çatdırılıb.

İki ölkə arasında ticarət münasibətlərinin arzuolunan səviyyəyə çatdırılması üçün münbit şəraitin olduğu ifadə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin şaxələndirilməsində maraqlı olduqlarını, işgüzar dairələrin qarşılıqlı səfərlərinin təşkil olunmasının önəmini qeyd ediblər.

Görüşdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. İraqlı iş adamları Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəmizə səfərə dəvət edilib.