Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla iki hissədən ibarət Yay Təcrübə Proqramı təşkil edir.

Yay düşərgəsi 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək. İş yerində təcrübə 8 həftə müddətində Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində keçiriləcək.

Yay Təcrübə Proqramının müddəti 28 iyun 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək davam edəcək.

Təcrübə proqramının üstünlükləri:

  • Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanı;
  • İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
  • Təcrübə proqramını uğurla tamamlayan tələbələrin dövlət vergi orqanlarına daimi işə qəbulu üçün dəyərləndirilməsi.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
  • Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün seçim mərhələləri:

  • I mərhələ: Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması.
  • II mərhələ: Namizədlərin özünütəqdimat video çıxışlarının qiymətləndirilməsi. 
  • III mərhələ: Namizədlərin keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirilməsi.

Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 1 aprel 2024-cü il saat 09:00-dan 30 aprel 2024-cü il saat 23:59-dək həyata keçiriləcək.

  • Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2024” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

Namizədin müraciəti tecrube@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.