“Yaşıl” texnologiyalardan istifadə vergi təşviqləri vasitəsilə stimullaşdırılır
Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib. Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin bu il Azərbaycanda keçirilməsinin nəzərdə tutulması ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin bariz nümunəsidir.
Qeyd olunan prioritetlər nəzərə alınmaqla ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində qanunvericilik bazası təkmilləşdirilib.
İslahatların davamı kimi dövlət başçısı Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu 15 oktyabr tarixində təsdiq edib. Qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə, yəni 2027-ci il yanvarın 1-dək uzadılıb. Bu isə nəticədə “yaşıl” texnologiyalardan istifadənin genişlənməsinə, elektromobillərin daha geniş yayılmasına, daha sağlam və ekoloji cəhətdən ətraf təmiz mühitin yaradılmasına dəstək verəcək.