Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Nazirlər Kabinetinin nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri ilə bağlı qərarının tətbiqi barədə

Məlum olduğu kimi, 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, biznes subyektləri tərəfindən çəkilmiş nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin Nazirlər Kabinetinin müəyyən etdiyi normada və qaydada gəlirdən çıxılması nəzərdə tutulub.

Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı ilə “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası” təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, vergi ödəyiciləri tərəfindən 2024-cü ilin yanvarın 1-dən həmin Qərarla müəyyən olunmuş qaydada çəkilmiş nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər təsbit olunmuş norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.