Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa çağırır

Çoxsaylı müraciətlərə baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır. Belə hallarda hüquqi şəxslərin dövlət büdcəsinə borcu yarandığına görə, formal olaraq təyin edilmiş “direktor”un məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır, dövlət büdcəsinə xeyli miqdarda vergi borcu yarandıqda isə həmin hüquqi şəxslər barəsində cinayət işi başlanılır.

Bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmirlər, yaxud qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər tərəfindən qəsdən səhv məlumatlandırılırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır. Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında öz adlarına olan elektron imza ilə təsis edilən hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar.

Müəyyən vədlər qarşılığında özünün elektron imzasını digər şəxsə təqdim edən vətəndaş vergi borcu, əmlak üzərinə həbs qoyulması, müflisləşmə ilə üz-üzə qala bilər. Bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır.