Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin əməkdaşı Aynur Hacıyeva təqdimatla çıxış edərək Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə yol xəritəsi çərçivəsində bir sıra yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. Təqdimat zamanı biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin üstünlükləri barədə məlumat verilib. “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə qanunvericlikdə müvafiq dəyişikliklər edildiyi bildirilib. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib və bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bununla yanaşı, «Konsul leqallaşdırılması» informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Görüş iştirakçılarına vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası barədə göstəricilər təqdim edilib.

Görüşün davamında «Biznesə daxilolma» indikatoru üzrə Yol Xəritəsində 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər diqqətə çatdırılıb. Bu tədbirlər biznesin təsis edilməsi qaydalarının təkmilləşdirilməsi, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı məsələlərini əhatə edir.

Görüş iştirakçılarına bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə məlumat verilib və suallar cavablandırılıb.