Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Avropa Şurası və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsində (PGG3) iştirak ediblər. Fransanın Strasburq şəhərində keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində “Transsərhəd cinayətkarlıq fəaliyyəti ilə əlaqədar təhdidlər, zəifliklər və yeni maliyyə cinayəti riskləri, eləcə də onların aşkarlanması və qarşısının alınması üsulları” mövzusunda seminarda ölkəmizi DVX-nin  Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Maliyyə araşdırmaları şöbəsinin müstəntiqi Kənan Kazımov təmsil ediblər.

Tədbirdə açılış nitqi ilə Avropa Şurası İnsan Hüquqları və Hüququn Aliliyi Baş İdarəsinin Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) icraçı katibi, İqtisadi Cinayətkarlıq və Korrupsiya Departamentinin rəhbəri Liviya Stoyka Bext çıxış edib. Bildirilib ki, bu regional təşəbbüs Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik Naminə Tərəfdaşlıq” proqramının üçüncü mərhələsi çərçivəsində altı layihədən biridir. Bu təşəbbüs korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində digər ölkələrdə hazırlanmış yeni həllər və innovasiyalar barədə məlumatlılığın artırılması məqsədini daşıyır. Təşəbbüs həmçinin siyasətə dair tövsiyələr təqdim etmək, ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün çərçivə yaratmaq məqsədilə regional tipologiyaların müəyyənləşdirilməsini nəzərdə tutur.

Dövlət Vergi Xidmətinin əməkdaşları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində effektiv tədbirlərin tətbiqi üzrə institusional imkanların gücləndirilməsi məsələləri barədə çıxış ediblər.