Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəhbərliyi Xankəndidə görüşlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndiyə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin kollektivi ilə görüşüb. İşğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyət göstərməyin mənəvi məsuliyyəti barədə fikirlərini bölüşən DVX rəisi əməkdaşların işini yüksək qiymətləndirib. Bildirib ki, bu bölgədə vergi orqanlarının fəaliyyətinin təşkili Qarabağda iqtisadi canlanmanın, işgüzar mühitin formalaşmasının və iqtisadi sistemin qurulmasının təməlini təşkil edir. Qeyd olunub ki, məqsəd yalnız vergi toplamaq deyil, həm də qanunlara əsaslanan iqtisadi mühit formalaşdırmaq, sahibkarlığı stimullaşdırmaq və uzunmüddətli sabitliyi təmin etməkdir. Qarabağda yeni təsərrüfat subyektlərinin yaranması, yeni iş yerlərinin açılması, yerli və xarici sərmayələrin təşviqi bölgənin iqtisadi dirçəlişini təmin edir. Vergi orqanları da bu prosesdə fəal iştirakçı olaraq Qarabağın iqtisadi reinteqrasiyasına mühüm töhfə verirlər.

DVX rəisi işğaldan azad edilmiş ərazilərdə vergi sisteminin formalaşmasının təkcə iqtisadi deyil, həm də strateji və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb, burada fəaliyyət göstərən əməkdaşların sosial vəziyyətinin diqqətdə saxlanıldığını bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin yeni tikilən inzibati binasında və əməkdaşlar üçün yaşayış binasında aparılan tikinti işləri ilə tanış olub. DVX rəisi burada çalışan vergi orqanı əməkdaşlarından birinin evinə gedərək onun yaşayış şəraiti ilə tanış olub.