Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin  və  “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin (İCMA) birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda görüş keçirilib. Tədbirdə DVX-nin nümayəndələri və ictimai birliyin 50-dən çox üzvü iştirak edib.

Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes subyektlərinin nümayəndələrini salamlayaraq dövlət – özəl sektor tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında biznes nümayəndələri ilə dövlət qurumları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Öz növbəsində, İCMA-nın İdarə heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev DVX ilə əməkdaşlıq formatının önəmini xüsusi qeyd edib.

Görüşdə Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov təqdimatla çıxış edib və vergitutma sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Tədbir iştirakçılarına son illərdə həyata keçirilən islahatlar nəticəsində iqtisadi göstəricilərdə əldə olunan müsbət dinamika, “kölgə iqtisadiyyatı” ilə mübarizə və biznes mühitinin stimullaşdırılması məqsədilə vergi qanunvericliyndə tətbiq olunan təşviqlər, vergi xidmətində rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bundan başqa, DVX-nin bizneslə qarşılıqlı əməkdaşlıq platforması çərçivəsində 280-ə yaxın görüş keçirildiyi, 680 təklifin emal olunduğu və həmin təkliflər əsasında vergi qanunvericliyi və inzibatçılığında 100-ə yaxın dəyişiklik edildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı İCMA-da təmsil olunan kənd təsərrüfatı, istehsal, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, onların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. Bildirilib ki, dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində bu kimi görüşlər davamlı şəkildə keçiriləcək.