Dövlət Vergi Xidməti “Kaspi Beynəlxalq Məktəbi”ndə şagirdlərlə görüş keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Vergilər uşaqların gözü ilə” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında vergi biliklərinin artırılması və maarifləndirmə məqsədilə “Kaspi Beynəlxalq Məktəbi”nin şagirdləri ilə növbəti görüş keçirib.
Tədbirdə DVX-nin Tədris Mərkəzinin nümayəndələri şagirdlərə vergilər və iqtisadiyyat barədə ilkin məlumatlar verərək ümumi anlayışları izah ediblər. Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova gələcəyin vergi ödəyicilərinə vergilərin tətbiqinin məqsədi və ölkəmizin vergi sistemi barədə danışıb, vergi ödəməyin cəmiyyət üçün faydaları, sosial üstünlükləri və dövlət büdcəsinin formalaşmasında rolundan bəhs edib.
İnteraktiv formatda keçirilmiş görüşdə şagirdlərə praktiki tapşırıqlar verilib və qrup müzakirələri təşkil olunub.
Sonda şagirdlər üçün vergi və maliyyə savadlığı üzrə maarifləndirici viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.