Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda kartdan-karta ödənişlərə nəzarət artırılır

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti,  həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Naxçıvan şəhərində vergi nəzarəti tədbirləri üzrə keçirilən monitorinqlərdə vergi ödəyicilərinin diqqətinə çatdırılıb ki, vergi qanunvericiliyinin tələblərinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları nəzarət-kassa  aparatı vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Bundan başqa, məşğulluğun yüksək səviyyədə olması üçün əmək bazarında münasibətlərin qanunvericlik çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılması vacibdir. Vergi Məcəlləsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin)  yerinə yetirilməsinə cəlb edilməsi vergi nəzarətinə daxil olan hallar arasında yer alır.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması hallarına və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, 3 və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 

Bu cür hallarla qarşılaşan şəxslər vergi qanunvericiliyinin pozulması faktları barədə qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.