Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlar Naxçıvanda tətbiq edilən vergi və sosial sığorta güzəştləri barədə məlumatlandırılıblar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Tədbirdə mikro və kiçik sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə vergi qanunvericiliyində və sosial sığorta sahəsində son dəyişikliklər barədə məlumat verilib, təqdim edilən vergi təşviqləri və güzəştlərinin biznesin inkişafı, xərclərin optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından faydaları izah olunub. Bildirilib ki, iqtisadi artımın sürətləndirilməsi və məşğulluğun artırılması məqsədilə Muxtar Respublikanın rezidentləri 2026-cı ilin 1 yanvar tarixindən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediliblər. Bu güzəştlər yeni biznes sahələrinin formalaşmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və iqtisadiyyatın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Vergi azadolmaları sahibkarlıq subyektlərinə istehsal həcmlərinin artırmağa imkan yaradacaq, yeni iş yerlərinin açılmasına və biznes fəaliyyətinin daha şəffaf aparılmasına xidmət edəcək.

Görüşdə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər də iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, Muxtar Respublikada qeyri-dövlət sektoruna aid olan, istehsal, emal və hasilat sahələrində (neft-qaz sektoru istisna olmaqla) fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur. Bu mexanizm sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasına, onların maliyyə dayanıqlığının gücləndirilməsinə və işçilərin sosial təminatlarının daha etibarlı qorunmasına şərait yaradır.

Tədbir zamanı sahibkarların sualları cavablandırılıb.