“Vergitutma” indikatoru ilə bağlı 2026-cı il üzrə Yol Xəritəsi təsdiq olunub
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Yol Xəritəsinə əsasən, cari ildə mikrosahibkarlar üçün tətbiq edilən əvvəlcədən doldurulan sadələşdirilmiş hesabatlar sisteminin təkmilləşdirilməsi, artıq ödənilmiş vergilərin daha tez qaytarılması üçün onların yaranma mənbələri üzrə meyarların genişləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur.
Bununla yanaşı, vergi ödəyicilərinə təqdim olunan onlayn xidmətlərin genişləndirilməsi, ƏDV bəyannaməsi üzrə əlavənin onlayn doldurulmasına keçidin təmin edilməsi, E-Portal və mobil tətbiqdə təklif olunan elektron xidmətlərin artırılması planlaşdırılır.
Ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə işlər davam etdiriləcək.
Yol Xəritəsi çərçivəsində risk əsaslı sistemin təkmilləşdirilməsi də nəzərdə tutulur. Mübahisələrin həlli mexanizmlərin gücləndirilməsi istiqamətində kameral vergi yoxlamalarının təkmilləşdirilməsi və yaranan elektron uyğunsuzluqların vergi ödəyicilərinə əvvəlcədən bildirilməklə proaktiv formata keçidin təmin edilməsi diqqət mərkəzində olacaq. Paralel olaraq vergi ombudsmanı institutunun fəaliyyəti inkişaf etdiriləcək.
Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.
Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/uploads/2026/YX/VT2026.pdf