DVX-nin rəis müavini “Milli Biznesin İnkişafı Forumu 2026” tədbirində iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Milli Biznesin İnkişafı Forumu 2026” çərçivəsində keçirilən XVI xüsusi sessiyada çıxış edib. Samirə Musayeva bu cür platformaların dövlət – biznes dialoqunun qurulmasında və sahibkarlığın inkişafında müstəsna əhəmiyyətini vurğulayıb.
DVX-nin dövlət maliyyə sistemindəki roluna toxunan Samirə Musayeva bildirib ki, dövlət büdcəsinin fiskal yığımlarının 79,1 faizi məhz DVX tərəfindən təmin olunur. Qeyd edib ki, büdcə dayanıqlığının təmin edilməsi fəaliyyətin əsas istiqamətlərindən biri olsa da, DVX tərəfindən sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir. Rəis müavini Vergi Məcəlləsində son dəyişikliklərin əsas məqsədinin də məhz biznes mühitinin stimullaşdırılması, sahibkarlığın inkişafı və iqtisadiyyatın “ağarması” prosesinin sürətləndirilməsi olduğunu diqqətə çatdırıb.
Regionların inkişafı və investisiya imkanlarına toxunan Samirə Musayeva Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramının yaratdığı yeni imkanları da qeyd edib. Bildirib ki, işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan vergi güzəştlərinin Naxçıvana da şamil edilməsi regionda biznesin aktivliyinin artırılması üçün mühüm stimul yaradır. Rəis müavini sahibkarları bu imkanlardan yararlanaraq həmin ərazilərə investisiya qoymağa çağırıb.
Sessiyanın sonunda DVX nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyiblər.