Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual turnirin qalibləri müəyyənləşib
Vergi orqanı əməkdaşları arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirinin bağlanış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Dövlət Vergi Xidməti rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov intellektual yarışların əməkdaşların bilik və bacarıqlarının artırılmasında, analitik düşüncə tərzinin inkişafında və komanda ruhunun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu cür təşəbbüslər əməkdaşların fərdi inkişafını təşviq etməklə yanaşı, onların daha çevik qərarvermə qabiliyyətinin formalaşmasına da töhfə verir. Elçin Məmmədov belə intellektual platformaların sağlam rəqabət mühitini gücləndirdiyini, əməkdaşlar arasında qarşılıqlı əməkdaşlığı artırdığını və ümumilikdə institusional inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib, qalib komandaların üzvlərinə medal, diplom və kuboklar təqdim olunub. Turnirdə I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, həmçinin “Ən yaxşı oyunçu” nominasiyası üzrə qalib müəyyən edilərək xüsusi mükafata layiq görülüb.