BDU-da Yay Təcrübə Proqramının təqdimatı və vergi bilikləri üzrə təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə maarifləndirici görüş keçiriblər. Tədbir çərçivəsində Yay Təcrübə Proqramının təqdimatı baş tutub, həmçinin “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzusunda təlim təşkil edilib.
DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşı Yay Təcrübə Proqramı barədə məlumat verərək bildirib ki, layihə tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə, real iş mühiti ilə tanış olmalarına və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır. Qeyd olunub ki, iştirakçılar vergi orqanlarının müxtəlif istiqamətləri üzrə təcrübə keçərək gələcək karyera seçimlərini daha dəqiq müəyyənləşdirə bilərlər. Sonda Yay Təcrübə Proqramının əsas mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.
Görüş çərçivəsində DVX-nin Tədris Mərkəzinin əməkdaşı tərəfindən “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzusunda interaktiv təlim keçirilib. Təlimdə vergi orqanlarının iqtisadi sabitliyin təmin olunmasında rolu vurğulanıb, iştirakçılara vergi intizamının gücləndirilməsi və şəffaf mühitin formalaşdırılması məsələləri izah olunub.
DVX tərəfindən ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilir.
Xatırladaq ki, Yay Təcrübə Proqramına qeydiyyat cari ilin may ayının 10-na qədər həyata keçiriləcək. Müraciət linkə keçməklə aparılır: https://shorturl.at/vFAN4