“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclasında Yol Xəritəsinin icrası müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə işçi qrupunun üzvləri, aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə təkmilləşdirmələrin və kommunikasiya tədbirlərinin həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi çərçivəsində birinci rüb üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
“Vergi və hesabatlılıq” işçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Yol Xəritəsinin icra vəziyyəti barədə məlumat verib. Bildirib ki, sənəddə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə aktual istiqamətlər üzrə yeni tədbirlər müəyyən edilib.
Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev biznes mühitinin inkişafı, şəffaflığın artırılması və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
İclas çərçivəsində Yol Xəritəsində nəzərdə tutulan islahatlar barədə məlumatlar təqdim olunub. Tədbir zamanı mikrosahibkarlar üçün “Sadələşdirilmiş verginin bəyannaməsi”nin əvvəlcədən doldurulması (pre-filing) mexanizminin təkmilləşdirilməsi, bu yanaşmanın ƏDV bəyannamələrinə tətbiqi, ƏDV bəyannaməsi əlavələrinin onlayn doldurulması, elektron portal və mobil tətbiqdə xidmətlərin genişləndirilməsi, kameral vergi yoxlamalarının təkmilləşdirilməsi, eləcə də elektron uyğunsuzluqlar barədə vergi ödəyicilərinin əvvəlcədən məlumatlandırılması ilə proaktiv modelə keçid kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Özəl sektor nümayəndələri və ekspertlər tərəfindən səsləndirilən təkliflər dinlənilib, vergi inzibatçılığının təkmilləşdirilməsi və Yol Xəritəsində müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində fikirlər dinlənilib. Təkliflərin aidiyyəti üzrə nəzərə alınacağı bildirilib.
Sonda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və effektiv icrasının vacibliyi vurğulanıb, işçi qrupunun üzvləri arasında koordinasiyalı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin vergitutma sahəsində yeniliklərlə bağlı konsaltinq şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyi bildirilib və növbəti mərhələ üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.