Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bakıda “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Sentyabrın 13-də Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası, Latviya, Qazaxıstan və Çilidən olan “kölgə iqtisadiyyatı” məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak ediblər.
Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması olub.
Konfransı giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Qloballaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.
Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının “kölgə iqtisadiyyatı”na təsirləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, “kölgə iqtisadiyyatı” yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan Vergilər naziri bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb və bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən “ağarma indikatorları”nın rolu burada həlledici rol oynayıb. Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb edilən dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğu bildirilib.
Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Avstriyanın “Johannes Kepler University Linz” Universitetinin professoru Friedrix Şnayder, Rusiya Federasiyasının Dövlət İdarəçilik Universitetinin professoru Vera Alyoşnikova, Qazaxıstan Respublikası Auditorlar  Palatasının prezidenti Sapar Koşkinbayev, Ukrayna Milli Hüquq Universitetinin “Maliyyə hüququ” kafedrasının  müdiri, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının akademiki Nikolay Kuçeryavenko, Çili Milli Vergi Assosiasiyasının və Beynəlxalq Sənaye Təşkilatı Cəmiyyətinin üzvü Klaudio Aqostini, Rusiya “İqtisadiyyat, idarəetmə və sahibkarlıq” ali məktəbinin direktoru, “Tenevaya Ekonomika” elmi-praktik jurnalının baş redaktoru Vitali Burov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham) prezidenti Nuran Kərimov və başqaları Azərbaycanda və dünyanın müxtəlif ölkələrində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı məruzələrlə çıxış ediblər.
Konfransda ümumilikdə 30-a yaxın təqdimat dinlənilib və müzakirə edilib.