Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Atanız fərdi sahibkar (fiziki şəxs) kimi vergi orqanında qeydiyyatda olduğu halda, özü və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə vergi orqanına müraciət edərək, vergi uçotunu ləğv edə bilər. Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs (müəssisə, şirkət və s.) yaradaraq həyata keçirdiyi halda, müəssisənin təsisçisi və ya direktoru olduğu halda, vergi orqanına müraciət edərək hüquqi şəxsin fəaliyyəti haqda məlumat əldə edə bilər. Eyni zamanda, Səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi adlı elektron xidmətə daxil olaraq vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxsin “Ada görə axtarış”ı (adını böyük hərflərlə yazmaqla) və ya “VÖEN-ə görə axtarş”ı (VÖEN-i daxil etməklə) vasitəsilə kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edə bilərsiniz.

Müraciətinizdə bir sıra məqamların aydın olmadığı üçün müraciətinizi dəqiqləşdirərək yenidən Sual-cavab bölməsinə, o cümlədən Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Ailə üzvləri arasında verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalıdır. Belə ki, ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxs hesab edilir və belə şəxslər arasında təsərrüfat əqdləri həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Müraciətinizdə qeyd olunan halda, ödənilməli olan əmlak və torpaq vergisinin məbləği güzəşt məbləğindən az olduqda həmin şəxslər torpaq və əmlak vergisini ödəməkdən azad edilirlər. 

Əsas: Vergi Məcəlləsinin 102.2-ci, 199.3-cü və 207.2-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Qeyd etdiyiniz halda çek yeni nəsil kassa aparatı vasitəsilə təqdim edilmişdirsə, çekin tapılmamasının bir neçə səbəbi ola bilər. Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 165.5-ci  maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiqlənmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası",  Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Vergi Məcəlləsinin 1.1.-ci maddəsində sadalanan Vergi Məcəlləsin ilə tənzimlənən münasibətlər Vergi Məcəlləsinin növbəti maddələrində, fəsillərində ətraflı qeyd olunmuşdur. Qeyd etdiyiniz kimi, vergi sistemi Vergi Məcəlləsinin 4-cü maddəsində, vergitutmanın ümumi əsasları 3-cü maddədə, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları 10-cu maddədə, vergi ödəyicisinin hüquq və vəzifələri 15-16-cı maddələrdə, vergi orqanının hüquq və vəzifələri 23-24-cü maddələrdə və s. ardıcıllıqla qeyd olunmuşduir. 

Vergi Məcəlləsi ilə səhifəmizin "Qanunvericilik" bölməsində, vergilərə aid praktiki vəsaitlərlə səhifəmizin "Faydalı" bölməsində tanış ola bilərsiniz. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

Qeyd etdiyiniz fəaliyyəti Vergi Məcəlləsinin 218-ci maddəsinin müddəaları nəzərə alınmaqla sadələşdirilmiş və ya gəlir vergisinin ödəyicisi kimi həyata keçirə bilərsiniz. ƏDV məqsədləri üçün qeydiyyatına durmaq öhdəliyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ayın istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda yaranır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155.1-ci, 218.5-ci, 220-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının müvafiq qərarı əsasında həyata keçirilir. Bununla bağlı aidiyyəti üzrə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №-li Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Ümumi qiymət: 5/52
Qiymət ver:

Qeyd etdiyiniz çek üzrə məişət avadanlığının alınması zamanı ödənilmiş ƏDV-nin müəyyən hissəsi 03.07.2020-ci il tarixdə geri qaytarılmışdır. ƏDV-nin müəyyən olunmuş hissəsinin hansı istifadəçinin pul qabına geri qaytarıldığı haqda məlumatın "Sual-Cavab" bölməsində yerləşdirilməsi imkan xaricindədir.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı rəsmi qaydada səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq, habelə işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəliri hesab olunur.

Eyni zamanda, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği də işçinin gəliri hesab olunur. İşəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları isə gəlir vergisindən azaddırlar.

Vergi Məcəlləsinin 2018-ci ildə qüvvədə olan müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 2018-ci il üçün ölkə üzrə yaşayış minimumunun 1 misli  (173 manat), illik gəliri 30 000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergsindən azad edilir.

Qeyd olunan maddələrinin müddəalarına əsas götürərək hesablamaları müstəqil olaraq aparmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 98.2-ci, 101-ci, 102.1.6-cı və 102.1.8-ci maddələri.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzinə (Tovuz rayonu, Abulbəyli kəndi (Nizami klubunun yanı). Telefon: (022) 315 73 69) müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur. Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

Əlavə olaraq bildiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririik ki, onlayn növbəyə yazılmaq üçün tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Qeyd etdiyiniz halda, həmin gün üçün növbələrin tutulduğu üçün onlayn növbənin tutulması mümkün olmur.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə vergi orqanına təqdim edilməlidir. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi Ağayev Elşən Eldar oğlu (VÖEN 6200097442) ƏDV ödəyicisi olmadığı üçün, həmin təsərrüfat subyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması 2022-ci il 31 dekabr tarixədək nəzərdə tutulmuşdur. Bununla belə həmin şəxslər tərəfindən malların alıcısına NKA çeki təqdim edilməlidir və edilmədiyi halda, qanun pozuntusu hesab olunur. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Onlayn müraciətlər" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 2/53
Qiymət ver:

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver: