Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Zaur Kazımov Nəcəf ka***@gmail.com ID: 2780
Salam. Sualım bunlardır: 1. Vergi orqanında uçotda olmayan şəxsdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilməyən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməklə həyata keçirilir. Sualım budur ki, bu halda əgər ödəmə mənbəyindən də vergi tətbiq edilmirsə, bu halda vergi orqanında uçotda olmayan şəxsin hər hansısa vergi öhdəlikləri yaranırmı? Nəzərə alaq ki, vergi orqanında uçotda olmayan şəxs mal satıb və gəlir əldə edib. 2. Vergi orqanında uçotda olmayan təsisçi təsisçisi olduğu MMC-yə əvəzi ödənilməyən mal və ya avadanlıq verərsə bu halda “Malların alış aktı” elektron qaydada tərtib edilməlidirmi və həmin malların və yaxud avadanlığın bazar qiymətinin müəyyən edilməsi üçün kənardan mütəxəssismi cəlb edilməlidir? Məsələn Auditor. MMC özü bazar araşdırmaları metodu ilə həmin mal və ya avadanlığın qiymətini müəyyən edə bilərmi?
26/08/2020 Oxunub: 179 Orta qiymət: 0

Cavab 1. Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Cavab 2. Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda bazar qiymətləri nəzərə alınmaqla elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin  14-cü, 18-ci, 33-cü, 58.8-ci, 71-1-ci, 71-2ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərvin Hüseynov Ənvər hp***@mail.ru ID: 2921
Salam, mənə çek verilib və çekin üstündə FISCAL ID kod verilib və o kodu edvgerial.az- a yükləyirəm və mənə: "Satıcı ƏDV ödəyicisi deyil" yazılır. Bu nə qədər doğrudur, çek verilə amma ödəyici deyil.
26/08/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. Müraciətinizdə qeyd olunan halda, satıcı ƏDV ödəyicisi olmadığı üçün, satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 165.5.-ci, 218-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Teymur İlyasov İlyas Oğlu te***@gmail.com ID: 2919
Salam, mən 2013-cü ildə 3 saylı Ərazi Vergilər İdarəsindən VÖEN almışam. Qeydiyatım Quba rayonu Orduc kəndində olub. 2019-cu ildə Bakı şəhəri Xətai rayonuna köçüb və Xətai rayonu qeydiyatına düşmüşəm. VÖEN-im itib, pin kodu da bilmirəm. Xahiş edirəm VÖEN-in alınmasında köməklik edəsiniz. Bakı şəhərində hansi verqi orqanına yaxınlaşmalıyam, mənə məlumat verəsiniz.
25/08/2020 Oxunub: 35 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir. 

Yuxarıda qeyd olunan ərizəni, həmçinin Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni itirdiyiniz haqda sərbəst formada ərizəni qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməklə yenidən uçota alına bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırova Sevinc Əbdüləziz qizi se***@gmail.com ID: 5065
Salam, bildiyimə görə Prezidentin sərəncamına əsasən pandemiya ilə əlaqədar Sahibkarlara və muzdlu işçilərə pul ayrılıb, nəyə görə mən Treumh otelin işçisi kimi sonuncu dəfə 2020 ci ilin Aprel və iyun aylarında cəmi iki dəfə 130 manat almışam? Və ondan sonra bu ilin avqust ayında müqavilənin bitməsi ilə əlaqədar işimə xitam verilib və nəticədə mən bir il maaşsız evdə oturmuşam, xahiş edirəm məsələni aydınlaşdırın və mənə düşən vəsaiti bərpa edin.
25/08/2020 Oxunub: 70 Orta qiymət: 5

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilmişdir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Bu  səbəbdən müraciətinizin araşdırılması üçün rəsmi qaydada səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Eyni zamanda, işçi kimi hüquqlarınıızın qorunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rəşidzadə Elvin Sahit oğlu el***@gmail.com ID: 2918
Salam. Mən hal-hazırda özəl sektorda çalışıram. İş vaxtlarından sonra əlavə fəaliyyətlə məşğul olmaq üçün hüquqi şəxs(fəaliyyət göstərmək istədiyim sahədə hüquqi şəxs olması vacibdir) yaratmışam (mart ayının 6-sı online şəkildə müraciət etdim, Vergi orqanından cavab 18 martda gəldi). Pandemiya ilə əlaqədar heç bir fəaliyyət göstərə bilmədim, Hal-hazırda şirkətin fəaliyyətini dayandırmışam. Müvafiq dövlət qurumuna müraciətlərin qəbulu başlayanda lazımi attestasiya almaq üçün müraciət edəcəm. Sualım ondan ibarətdir ki, 1) Mən hal-hazırda fərqli bir şirkətdə işləyirəm, orada işləyə işləyə təsisçisi olduğum şirkətə özümü müdir təyin edə bilərəm mi? 2) Əgər edə bilərəmsə iş saatları və əmək haqqı necə və nə qədər təyin edilməlidir? 3) Təsisçi və müdir eyni şəxsdirsə və şirkətdə başqa işçi yoxdursa, yenə də bankdan kart alınıb əmək haqqı kart vasitəsi ilə ödənməlidirmi? Təşəkkürlər
25/08/2020 Oxunub: 76 Orta qiymət: 0

1-ci və 2-ci suallarınızda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

3-cü sualınızla bağlı bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Göründüyü kimi, digər sahələrdə fəaliyyət göstərən və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan şəxslər tərəfindən ödənilən əməkhaqqı nağd qaydada həyata keçirilə bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qəzənfər Qəzənfərli qe***@mail.ru ID: 2916
Kiçik sahibkarlara dəstəyə görə birinci dəfə 243 manat pul aldım, ancaq, ikinci dəfə mənim adıma pul gəlmədi. Səbəbini öyrənmək istəyirəm ki, niyə ikinci dəfə verilmədi?
25/08/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qafarov Arif Əlipaşa ao***@baku.az ID: 2915
Salam. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi (mikro) sahibkarlara təkrarən mənə vəsait ödənilməsi baradə məlumatı haradan əldə edə bilərəm?
25/08/2020 Oxunub: 32 Orta qiymət: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Babayev İbadət oğlu tu***@gmail.com ID: 2911
edvgerial proqramı olan TaxManat proqramından istifadə edirəm. Birbank mobil tətbiqinə inteqrasiya etmək istəyirəm. Lakin qeydiyyatim olduğu üçün giriş edə bilmirəm. Necə edim?
25/08/2020 Oxunub: 45 Orta qiymət: 0

Bildiririk ki, BirBank mobil tətbiqi "Kapital Bank"-a məxsus istənilən bankın müştərisi üçün nəzərdə tutulmuş mobil bankçılıq xidmətidir. Proqramla bağlı məlumat almaq üçün "Kapital Bank"-a (012 196) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əkbərova Rəna Ziyatxan re***@gmail.com ID: 2803
VÖEN-i müvəqqəti olaraq necə bağlamaq olar?
25/08/2020 Oxunub: 105 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Vergi uçotunuzun ləğv edilməsi üçün isə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nofəl Məmmədov Əbülfət oglu em***@mail.ru ID: 2811
Salam, mən Laçın rayonundan məcburi köçkünəm, 2019-cu ildən "ASK SUSE MMC" də iişləyirəm. Məndə elektron imza olmadığı üçün tutulan vergilər haqqında məlumat əldə edə bilmirəm. Xahiş edirəm, bu menada mənə öz köməkliyinizi göstərəsiniz. Sizə bir sual da vermək istərdim, aylıq 500 AZN alan məcburi köçkündən nə qədər vergi tutulmalıdır? İşlədiyim müəssisədə mənə elə gəlir ki, vergi çox tutulur.
25/08/2020 Oxunub: 104 Orta qiymət: 5

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Samir suleymanov intiqam Sa***@mail.ru ID: 2669
Salam. Öyrənmək istəyirdim, vergi orqanlarına qəbul nə vaxt keçiriləcək? Təxminən bir vaxt deyərsiniz, bilirəm sentyabra qədər dayandırılıb. Bəs sonra nə vaxt olacaq yəni? Əvvəlcədən sağolun.
25/08/2020 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki, elan edildiyi kimi,  Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınmışdır. Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək. Hazırda imtahanla bağlı yeni məlumat olmadığından,  hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eminov Fuad Məhəbbət oğlu mu***@azerxalca.az ID: 2677
Salam. Vergi məcəlləsinin 175.6-cı maddəsinə əsasən "Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir." Vergi məcəlləsinin 175.10-cu maddəsinə əsasən Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Bilmək istərdik ki, Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınmış mallar (işlər, xidmətlər) alınarkəndə əvəzləşdirilməsinə əsas verir?
25/08/2020 Oxunub: 191 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Aysel Şıxıyeva se***@gmail.com ID: 2910
Salam aleykum. Rayon qeydiyyatındayam, ancaq Bakıda yaşayıram. Asan imza almaq üçün hara müraciət etməliyəm?
25/08/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Səlimov vu***@yahoo.com ID: 2809
Salam. Bir şirkət digər şirkətdən qablaşdırılmış heyvan əti alır. Qablaşdırma adətən selofan paket və ya plastik qablarla həyata keçirilir. Bu halda, Vergi Məcəlləsinin 164.1.37. maddəsi göstərilən misala aid edilirmi? Yəni qablaşdırılmış ət satışı ƏDV-dən azaddırmı? Digər tərəfdən, hansı formalı heyvan ətinin satışına ƏDV tətbiq edilir? Əvvəlcədən təşəkkür.
25/08/2020 Oxunub: 182 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. 

Bu maddədə nəzərdə tutulmuş azadolma kəsilmiş heyvanların və quşların təzə və ya soyudulmuş ətinin qablaşdırılmasından asılı olmayaraq tətbiq edilir. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Xəyalə Əsədova kh***@gmail.com ID: 2800
Salam. Edvgerial.az saytından qeydiyyata keçərək 30.06.2020 ci il tarixli nağdsız ödəniş edilmiş ********** fiksal ID üzrə çeki sayta daxil etmişəm. Lakin kassa çekinin tarixindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq ƏDV geri qaytarılmayıb. Zəhmət olmasa aydınlıq gətirərdiniz.
25/08/2020 Oxunub: 103 Orta qiymət: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Mətin Sa***@bk.ru ID: 2787
Salam. Mən işə qəbul barədə imtahanlar üçün nələr lazımdı?
25/08/2020 Oxunub: 69 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir. 

Müsabiqə haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərova Aybəniz Elman ay***@gmail.com ID: 2804
Edv geri al. Bu kod oxunmur. ************. 09.08.2020 tarixdə kartla ödəniş olunub.
25/08/2020 Oxunub: 85 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.

Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Təhmasib İsayev Qeyrət is***@gmail.com ID: 2799
MMC yaratmaq istəyirəm. Fiziki şəxsəm. Əczaçılıq fəaliyyəti üzrə. Xahis edirəm, bu barədə mənə köməklik edəsiniz.
25/08/2020 Oxunub: 140 Orta qiymət: 0

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin  sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Müraciətinizdə qeyd olunan fəaliyyət lisenziya tələb edən fəaliyyət növü olduğu üçün  müəssisə mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 103-cü, 104-cü, 106.1.20-ci, 218.5.13-cü maddələri.

 

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar İsmayılov il***@gmail.com ID: 2775
Hər vaxtınız xeyir! Vergiler Xidmətinin Operativ Nəzarət İdarəsinin 2 əməkdaşı, birinin adı Samir, soyadı Salayev, mağazamıza daxil olan müştərinin maskasız olduğuna görə protokol tərtib etdilər. 400 manat cərimə olunacağımızı bildirdilər. İndiki durumda sahibkarlıq subyektlərinə qarşı belə münasibəti anlamaq olmur. Şirkətimizdə 25 işçi çalışır, onların əmək haqqılarını ödəmək üçün mağazanı bağlamırıq. Dəfələrlə dəstək üçün müraciət etsək də cavab verilmir. Bank hesablarımıza sərəncam qoyulub, 4 gündür. Xahiş edirəm, münasibət bildirəsiniz.
24/08/2020 Oxunub: 155 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.

Vergi orqanı əməkdaşları tərəfindən keçirilən tədbir zamanı fəaliyyətinə icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən təsərrüfat obyektinin daxilində şəxslərin tibbi maskadan istifadə etmələrinə nəzarət edilməsi halları müəyyənləşdirilir və pozuntu aşkar edildiyi halda bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 23 fevral tarixli 1256 nömrəli Fərmanı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zülfüqarov Rəhman Lətif oğlu sa***@mail.ru ID: 2858
Hörmətli, vergi idarələri. Mən bir aydır vergi orqanının qəbuluna yazıla bilmirəm. Onlayın yazılıb, lakin ərizə formasını doldurub göndəririk müxtəlif bəhanələrlə ərizəmiz getmir. Biz artıq məcbur olub şikayət etməliyik. Necə olmalıdır, mən bir uğursuz VÖEN-i bağlamaq üçün əsir-yesir oldum. Xahiş edirik, bizə cavab verəsiniz.
24/08/2020 Oxunub: 87 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsii, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver: