Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, BTP proqramını İnternet Vergi İdarəsindən ( www.e-taxes.gov.az) yükləyə bilərsiniz.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda, dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərinin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 7 iş günü müəyyən edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı"nın 7.45-ci bəndinə əsasən, vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən dövlət reyestri məlumatları https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp elektron ünvanı üzrə keçid etdikdə əldə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı", Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 3/56
Qiymət ver:

Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Həmçinin mallar vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixindən əvvəl əldə edildiyi halda həmin mallara görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və onların dəyərinə aid edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 159-cu, 175-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannamə təqdim edir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 3/54
Qiymət ver:

1 yanvar 2020-ci il tarixdən qüvvədə olan büdcə təsnifat kodlarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları hüquqi şəxslər üzrə 121111, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121112, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdla işləyənlərin əməkhaqlarından sosial ayırmalar  hüquqi şəxslər üzrə 121211, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121212 təsnifat kodları üzrə köçürülməlidir.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial ayırmalar və vergi ödənişləri üçün 2 vərəq yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, ödəməli olduğunuz vergi əldə etdiyiniz gəlirlərdən, vergi uçotuna alınarkən seçdiyiniz vergitutma metodundan asılı olaraq dəyişir. Vergi öhdəlikləri barədə ətraflı məlumatı səhifəmizin “Vergi bələdçisi” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Azərbaycan Respublikasında lotereya fəaliyyəti “Lotereya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin fəaliyyət sahəsinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirildiyinə görə bu fəaliyyətlə bağlı ətraflı məlumat almaq üçün aidiyyəti üzrə sözügedən dövlət qurumuna müraciət edilməsi tövsiyə olunur.

Ümumi qiymət: 5/51
Qiymət ver:

ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, həmçinin əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər sadələşdrilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər.

Qeyd olunan hüquqi şəxs ƏDV və aksiz vergisindən əlavə olaraq, əldə etdiyi gəlirdən gəlirin əldə olunması ilə bağlı olan xərclərini çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

ƏDV və aksiz vergisi üzrə hesabat dövrü aydır və ay bitdikdən sonra, növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə tədqim edilməlidir.

Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər.

Əsas: Vergi Məcəlləsinin 149-cu, 177-ci, 191-ci və 218.5-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, həlak olmuş döyüşçülərin övladları üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız muzdlu işdən əldə olunan gəlirlərə aid edilir.

Həmin şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir ümumi qaydada vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.4-cü, 102.2.5-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, Nadirova Aysel Əlövsət qızının (VÖEN 1903553572) fəaliyyəti hazırkı tarixə dayandırılmışdır.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi İdarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

- “e-Bəyannamə” siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır;

-  Açılmış online sadələşdirilmiş bəyannamə formasına məlumatlar daxil edilir;

- Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir;

Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün “Yoxla” düyməsinə basılır;

- Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir;

- Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır;

- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, taksi fəaliyyətini fərdi sahibkar  kimi və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

Dövlət reyestrindən çıxarış hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən, qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən, qeydiyyata alınmış faktları, o cümlədən təsis sənədlərində edilmiş dəyişikliyi və qeydiyyata alınmış faktların sonrakı dəyişikliyini özündə əks etdirən hüquqi sənəddir.

Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Onlayn müraciətlər” bölməsinə göndərə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə isə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver: