Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Dilqəm di***@mail.ru ID: 437
Salam sualim əvəzləşdirmə ilə bağlıdır.Tutaq ki, A MMC B MMC-yə 01.01.2019 tarixində 118azn ƏDV daxil dəyərində xidmət göstərir.10.01.2019 tarixndə elektron qaimə kəsir və 15.01.2019 tarixində vergi hesab faktura göndərir.B MMC isə 65azn ƏDV daxil 18.01.2019 tarixində ödəniş edir.Qalan ödənişi isə Fevral ayında edir. Sualım belədirki B MMC 65 azn məbləğı yanvar ayı üzrə əvəzləşdirə bilər?
30/11/2019 Oxunub: 100 Orta qiymət: 0

Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Mustafayev zz***@yahoo.fr ID: 438
Azərbaycan Respublikasında neçə növ vergi var?
30/11/2019 Oxunub: 154 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergilər dövlət, muxtar respublika və yerli (bələdiyyə) vergilər olmaqla 3 qrupa bölünür.

Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi və sadələşdirilmiş vergi aiddir.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda  sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilərə (bələdiyyə vergiləri) isə Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi aid edilir.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 6-cı, 7-ci, 8-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kenan Qirxiyev Arif ke***@list.ru ID: 414
Salam. Sualım ƏDV mövzusunda qarşıma çıxan xüsusi hallarla bağlı olacaq 1) ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı sual. Misal: 2017-ci ilin noyabr ayının 5-i "A" şirkəti "B" şirkətinə mal satır və qaimə, EVHF-sını kəsir. "A" şirkəti "B" şirkətinə borcun əsas məbləğ hissəsini bağışlayır (borcun bağışlanması haqqında sənəd də verir) və ancaq məbləğin ƏDV-sini ödəməyi xahiş edir. "B" şirkəti ƏDV depozit hesabından borcun ƏDV hissəsini 2019-ci ilin noyabr ayının 30-u ödəyir. Bu halda "B" şirkəti ƏDV-ni əvəzləşdirə bilərmi? (məbləğ bağışlanıb və tərəflər arasında borc yoxdu) 2) Qarşı tərəfdən ƏDV-si ödənilmiş, əsas məbləğ hissəsi ödənilməmiş məbləğ haqqında Misal: Yanvarın 5-i "A" şirkəti "B" şirkətinə mal satır və qaimə, EVHF-sını kəsir. "B" şirkəti yanvarın 10-u ƏDV depozit hesabından "A" şirkətinə EVHF üzə ƏDV məbləğini ödəyir. Ancaq Bank hesabında pul vəsaiti olmadığı üçün bankdan əsas məbləği fevralın 25-i ödəyir. "A" şirkəti ödənimiş ƏDV məbləğini bəyannamənin 307-ci bəndində və ya bəyannamənin hansısa başqa hissəsində göstərməlidirmi?
30/11/2019 Oxunub: 155 Orta qiymət: 5

Cavab 1. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Göründüyü kimi, vergi ödəyicisinin verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.

Cavab 2. Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Vüsal Abbasov Araslı vu***@gmail.com ID: 429
Salam. Mən gəlir vergisi ödəyicisiyəm. normal olaraq 2019 cu ilin birinci rübündən 3 cü rübünə qədər Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış vermişəm. Bu aydan etibarən müqaviləm bitdiyi üçün mən VOEN-i ləğv eləmək istəyirəm. Bunun üçün mənə köməyiniz lazımdır. Öncədən təşəkkürlər
30/11/2019 Oxunub: 112 Orta qiymət: 5

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

Əsas: Vergi Məcəlləsinin  16.3-cü, 34-cü, 149.2-ci, 149.3-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Quliyev İlkin Yusif il***@gmail.com ID: 416
Salam. Zəhmət olmasa, mənə məlumat verin. Karxanadan çıxarılan daşa görə amortizasiya hesablanırmı?
30/11/2019 Oxunub: 102 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Eyni zamanda, əsas vəsaitlər  istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur.

Sorğunuzda qeyd olunan malların əsas vəsait kimi deyil, əmtəə-material ehtiyatları kimi uçota alınmalıdır və həmin mallara amortizasiya hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 114-cü və 139-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sevər Umarova Nəcəf la***@gmail.com ID: 428
Salam, xaricdən idxal edilmiş və satıcı xarici şirkət tərəfindən ədv-si ödənilmiş məhsul ölkə daxilində üçüncü şəxsə satıldıqda, əgər bu zaman alqı-satqıda hər iki tərəf ədv ödəyicisi deyilsə, tərəflərə hansı vergilər tətbiq olunur?
30/11/2019 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, ƏDV məqsədləri üçün vergidən azad edilən idxal istisna edilməklə malların idxalı vergi tutulan idxal sayılır və Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

Müraciətinizdə qeyd olunanlara əsasən, malı təqdim edən tərəf ƏDV ödəyicisi olmadıqda, həmin malların təqdim edilməsinə ƏDV tətbiq olunmur. Həmin müəssisənin seçdiyi vergitutma metodundan asılı olaraq gəlirlər sadələşdirilmiş və ya gəlir (hüquqi şəxs olduqda mənfəət) vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 154-cü, 159-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Knyazov Kamran me***@mail.ru ID: 255
Salam Vergi Məcəlləsi 169.1-ci maddədə yazılır ki qeyri rezident 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən "vergi agenti" üçün xidmət göstərirsə yazır sonrada 169.2-ci maddədə ƏDV məqsədləri üçün qeydiyyata alınana "vergi agenti" deyir. Yəniki 169.1-də (qeyri rezidentləri nəzərdə tutmuram) bizim ödəyicilərdən hər ikisinə vergi agenti deyir amma 169.2-də yalnız bizim ödəyicilərdən ədv məqsədləri üçün qeydiyyata alınana tərif kimi vergi agenti deyir. Mən hardasa nəyisə səhv başa düşürəm yoxsa?
30/11/2019 Oxunub: 92 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz Vergi Məcəlləsinin 169.2-ci maddəsində qeyri-rezidentə ödəniş edən ƏDV ödəyicisi olan rezident şəxs, 169.5-ci maddədə isə ƏDV ödəyicisi olmayan rezident vergi ödəyiciləri nəzərdə tutulur.

Həmin maddədə qeyd olunduğu kimi, yuxarıdakı iki halda ƏDV-nin ödənilməsi, əvəzləşdirilməsi və hesabatının təqdim olunması bir-birindən fərqlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfər Əliyev js***@gmail.com ID: 420
Sual 1: Təsiçi müəssisəyə faizsiz borc verdikdə hər hansı vergi öhdəliyi yaranırmı? Sual 2: Təsisçinin borcu kassa-məxaric orderi ilə nağd şəkildə qaytarıldıqda miqdarda hər hansı bir məhdudiyyət varmı?
30/11/2019 Oxunub: 170 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Cavab 2. Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Adıçəkilən Qanunun 3.4.6-cı maddəsinə əsasən, vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 110-cu və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Firuzə Nəsibli Araz fi***@gmail.com ID: 361
Əgər bir şəxs mövcud MMC-nin səhmdarı olmaq istəyirsə, onun VÖEN alması vacibdirmi?
30/11/2019 Oxunub: 78 Orta qiymət: 0

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulduğu üçün dividendi alan fiziki şəxsin vergi orqanında uçota alınması və hesabat təqdim etməsi tələb olunmur.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota durmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü və 122-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Füzuli Yusifov fi***@gmail.com ID: 436
Salam. Biz Online olaraq malların pərakəndə satışını həyata keçirmək istəyirik. Bizi maraqlandıran məqam odur ki: 1. Biz online kart vasitəsilə əldə edəcəyimiz vəsaiti qeydə almaq üçün NKA-dan istifadə etməliyikmi? 2. Malların müştəriyə çatdırılmasını təsdiq edəcək hansı sənəd lazımdır?
30/11/2019 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirildiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Malların alıcısına mal təqdim olunarkən NKA çeki təqdim olunmalı və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Araz Allahverdiyev Fəxrəddin ar***@list.ru ID: 497
Salam, Operativ yoxlama zamanı anbarda artıq mal aşkar edilib və akt tərtib edilib. Bu malları təsisçi müxtəlif vaxtlarda anbara gətirib qoyub. Ancaq sənədləşdirmə aparılmayıb. İndi operativ yoxlama bu malların artıq olmasın aşkar edib və akt tərtib edib 10% cəriməsini ödəmişik. Sual ondan ibarətdir ki, biz bu malları təsisçidən mədaxil kimi anbara otuzdura bilərikmi? Və ya mən deyən qayda düzgün deyilsə biz bunu necə anbara daxil etməliyik? Söhbət ikili yazılışdan gedir.
29/11/2019 Oxunub: 136 Orta qiymət: 5

Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab-fakturası əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 58.8.2-ci, 130.1-1-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nizami Ramiz oğlu Süleymanov ni***@gmail.com ID: 323
Salam. Sualım belədir: 1.Mənə məxsus olan şirkət güzəştli vergi tutulan ölkələrdə təsis eilmiş qeyri rezidentdən mal almışdır. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri rezident özünün hüquq və öhdəliklərini benefiserləri eyni olan Çexiya Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş eyni adlı müəssisə ötürmüşdür. Malın dəyəri Çexiya Respublikasında qeydiyyatda olan qeyri-rezidentə ödənilən zaman ödənş məbləğdən 10% həcmində ödəmə mənbəyində vergi tutulmalıdırmı? 2.Mənə məxsus olan şirkətə güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezident tərəfindən iş və xidmət göstərilmişdir. Iş və xidmət yerinə yetirilən zaman xidmətin dəyərindən büdcəyə ƏDV hesablanmışdır. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri rezident özünün hüquq və öhdəliklərini benefiserləri eyni olan Çexiya Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş eyni adlı müəssisə ötürmüşdür. Azərbaycan Respublikasında iş görülməsindən və xidmət göstərilməsindən gəlir Çexiya Respublikasında qeydiyyatda olan qeyri-rezidentə ödənilən zaman göstərilmiş iş və xidmətin dəyərindən 10% və güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri rezidentə görə ikinci 10% ödəmə mənbəyində vergi tutulmalıdırmı? Təşəkkürlər
28/11/2019 Oxunub: 129 Orta qiymət: 0

Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezident tərəfindən iş və xidmətlərin göstərilməsi ilə bağlı rezident müəssisənin ödəmələrindən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Məmmədov za***@gmail.com ID: 265
Salam. Xahiş edirəm aydınlıq gətirəsiniz. "AAA" MMC də çalışan işçi "AAA" MMC ilə iki əmək müqaviləsi bağlayıb. Birinci əmək müqaviləsi üzrə işçi əsas iş yeri olmaqla fəhlə vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manatdır. Həmin işçinin ikinci əmək müqaviləsi üzrə AR Əmək Məcəlləsinin 58 saylı maddəsinə əsasən əvəzçilik üzrə yenə eyni şirkət "AAA" MMC ilə bağlanıb və işçi əsas iş vaxtından əlavə olaraq qaynaqçı vəzifəsini gündə iki saat olmaqla icra edir və bu əmək müqaviləsi üzrə icra etdiyi vəzifəyə (işə) görə işçi aylıq 250 azn əmək haqqı alır. Göründüyü kimi işçinin hər iki iş yeri "AAA" MMC şirkətindədir və işçi şirkət ilə hər iki iş yeri (vəzifə) üçün əsas və əlavə iş yeri olmaqla ayrı-ayrılıqda əmək müqaviləsi bağlayıb və hər iş üzrə (vəzifə) üzrə ayrı-ayrılıqda əmək haqqı alır. Sual: Yuxarıda qeyd olunan halda işçinin əmək haqqısı eyni bir şirkət "AAA" MMC tərəfindən ödənldiyi halda ona ödənilən əmək haqqı hər iş yeri üzrə (vəzifəyə görə) ayrı-ayrılıqda vergi və DSMF ödənişlərinə cəlb olunacaq, yoxsa cəmlənərək vergi və DSMF ödənişlərinə cəlb olunacaq? Xahiş edirəm müvafiq qanunvericilik üzrə məcəllələrə əsaslanaraq cavab bildirərdiniz.
28/11/2019 Oxunub: 125 Orta qiymət: 5

Bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əzim Kazımov az***@yahoo.com ID: 268
Salam. Müəssisənin əmlakında əgər bina varsa və bu bina xarici ölkədə yerləşirsə. Həmin xarici ölkədə ödənilən əmlak vergisini Azərbaycanda mənfəət vergisi bəyannaməsində xərc kimi göstərə bilərik?
28/11/2019 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, rezident müəssisənin xarici dövlətdə yerləşən əmlakına görə həmin ölkədə ödənilmiş əmlak vergisinin Azərbaycan Respublikasında əmlak vergisi ödənilərkən nəzərə alınması Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrinin müddəaları ilə tənzimlənir.

Eyni zamanda rezident müəssisənin balansında olan əmlaklara, o cümlədən xarici dövlətdə yerləşən əmlaklarına görə əmlak vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış əmlak vergisi vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 201-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tofiq Bəhramov to***@mail.ru ID: 82
Salam. "A" müəssisəsi "B" müəssisənin təsisçisidir və yeganə payçıdır. Təsisçi qərar verir ki, iştirak payının 50% fiziki şəxsə əvəzsiz versin. Bu halda həm müəssisə, həm də fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranacaq? 2) Əgər iştirak payı onun nominal dəyərindən aşağı qiymətə təqdim olunursa, bu halda satış tarixinə xalis aktivlərin dəyəri və nominal dəyəri arasında fərq vergi məqsədləri üçün əsas götürülür. Bəs əgər xalis aktivlər mənfidirsə (müəssisə bütün illər zərərlə çalışıb), bu halda iştirak payını 1 manata satmaq olarmı?
28/11/2019 Oxunub: 346 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq təsisçi hüquqi şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda iştirak payları təqdim edilərkən cəmiyyətin xalis aktivlərinin dəyərinin müəyyənləşdirilməsi alğı-satqı müqaviləsinin bağlandığı tarixə qiymətləndirilməklə həyata keçirilir.

İştirak payını əvəzsiz əldə edən fiziki şəxsin vergi öhdəlikləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinin müddəalarına əsasən təqvim ili ərzində alınan hədiyyə məbləği fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilərək həmin hədiyyənin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci, 102-ci, 104-cü, 106-cı və Mülki Məcəllənin 90-cı maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Elmir Qurbanov Alim, be***@gmail.com ID: 489
Salam. 2 sualla sizə müraciət edirəm. 1. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Sual: Vergi ödəyicisi ictimai iaşə fəaliyyəti ilə məşğuldur və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir. Obyektin bir hissəsini mehmanxana kimi işlətmək istəyir. Bu halda uçotu ayrıca aparmaqla sadələşdirilmiş və ƏDV ödəyicisi ola bilər? 2. Vergi Məcəlləsinə bu ildən əlavə edilmiş 67.15-ci maddəyə aydınlıq gətirilməsini xahiş edirəm. Vergi ödəyicisi 2017 və 2018-ci illər ərzində idxal etdiyi malları satış dövriyyəsində göstərməmişdir. Aparılan səyyar vergi yoxlamasının son dövrü 31.07.2019-cu ildir. Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Sual: maddədə qeyd olunan "səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə" dedikdə iyul 2019 ƏDV bəyannaməsi başa düşülür. Bu halda 2017 və 2018-ci illər üzrə mənfəət bəyannaməsində əlavə hesablama aparıla bilərmi yoxsa 2020-ci ildə 2019-cu ilin mənfəət bəyannaməsi üzrə kameral qaydada hesablama aparılacaqdır?
28/11/2019 Oxunub: 197 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Həm ictimai iaşə, həm də mehmanxana fəaliyyəti ilə məşğul olan şəxslərin mehmanxana fəaliyyəti üzrə əldə etdiyi gəlirlərinə mənfəət vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə 8 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Buna əsasən vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan həmin şəxslər hər iki fəaliyyət üzrə mənfəət vergisinin və ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərməklə əldə olunan gəlirlərindən mənfəət vergisini və ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

Cavab 2. bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və sonuncu hesabat dövrü üzrə 2018-ci il üçün mənfəət vergisi hesablanmalıdır.

 Əsas: Vergi Məcəlləsinin 67-ci, 104-cü, 159-cu və  221-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elxan Səlimzadə el***@gmail.com ID: 485
Salam, zəhmət olmasa aşağıdakı sualı cavablandırardınız. 2019-cu il Yanvar ayında qarşı tərəf E-qaimə və EVHF göndərib. və bunun əsasında həm əsas məbləğ həm də ƏDV məbləği ödənilib. EVHF-ya əsasən ƏDV əvəzləşməsi olunub. Lakin 2019-cu il noyabr ayında qarşı tərəf səhvən EVHF-nı ləğv edib və yenidən E-qaimə və EVHF göndərib. Yanvar ayı əvəzləşməsi ləğv olunan EVHF-ya əsasən olub. İndi proses necə olmalıdır?
28/11/2019 Oxunub: 86 Orta qiymət: 0

Bildiririk ki, elektron vergi hesab-fakturasının dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan qaydada vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə aparılır.

Vergi tutulan əməliyyatda dəqiqləşdirilmə aparılan hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməyibsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü (sizin halda – noyabr ayı) üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Bu zaman vergi tutulan əməliyyatın azalmasından və artırılmasından asılı olaraq 318-ci və ya 319-cu sətirlərdə düzəliş edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı və 175.5-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əyyar ay***@mail.ru ID: 479
Salam. Hüquqi şəxs VÖENİ-ni olmayan fiziki şəxsdən sahibkarlıq fəaliyyəti üçün ofis icarəyə götürmüşdür. Müqaviləyə əsasən vergini icarəyə götürən ödəməlidir. Bu halda müqavilə əsasında icarə haqqı 5000 manatdırsa ödəmə mənbəyinə vergi necə hesablanmalıdır?
27/11/2019 Oxunub: 66 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Aydan Hüseynova Azad qızı hu***@mail.ru ID: 476
Salam. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxsin dövlət qulluqçusu statusunda olan işçisi növbəti əmək məzuniyyətinə çıxdıqda ona ildə bir dəfə verilən müavinətdən vergi tutulurmu?
27/11/2019 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Sorğunuzda qeyd etdiyiniz halda işçiyə verilən müavinət həmin ayın əmək haqqı ilə cəmlənməklə ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Muradova Əntiqə Nazir an***@mail.ru ID: 474
Salam. İşçimizin atası 1941-1945 ci il müharibə döyüşçüsüdür. Atası 1995-ci ildə vəfat edib. İşçiyə atasının müharibə iştirakçısı olduğu üçün vergidə 400 manat güzəşt oluna bilər?
27/11/2019 Oxunub: 43 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver: