Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rzayev Vüsal Mübariz vu***@gmail.com ID: 413
Salam. 2 sualım var idi. Zəhmət olmasa ətraflı cavablandırardız. 1. Yerli şirkət (MMC) üçün əlavə serverə ehtiyac olduğuna görə internet üzərindən onlayn şəkildə Microsoft şirkətinə aylıq 100 USD ödənilir. Bunu şirkət öz adından və bank hesabından deyil, direktorun şəxsi biznes kartından ödəyir və mühasibatlığa təqdim edilmiş avans hesabatı əsasında nağd şəkildə kassadan direktora qaytarılır. Sualım odur ki, şirkət adından Microsoft şirkətinə direktor tərəfindən şəxsi kartdan onlayn ödəmə düzgündürmü? Burada hansısa vergi öhdəlikləri yaranırmı? Şirkət həmin server xərclərini gəlirdən çıxa bilərmi? 2. Şirkət icarəyə götürdüyü binanın 1-ci mərtəbəsində yerləşən anbarını əsaslı təmir etmişdir və cəmi təmir xərcləri təqribən 100.000 manat olmuşdur. Sualım odur ki, çəkilən əsaslı təmir xərcləri hansı formada gəlirdən çıxılacaqdır?
12/11/2019 Oxunub: 259 Orta qiymət: 3

Cavab 1. Bildiririk ki, intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyri-maddi aktivlər sayılır.

Eyni zamanda, qeyri-maddi aktivin mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ƏDV-nin məqsədləri üçün xidmət hesab edilir və bununla bağlı qeyri-rezident şəxsə edilən ödənişlər 18 faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməklə yanaşı, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.8-ci, 13.2.9-cu, 13.2.11-ci, 125-ci və 168.1.5-ci maddələri.

Cavab 2. Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Şərif Əliyev Məhəmmədəli al***@mail.ru ID: 412
Salam. ƏDV ödəyicisi olan fiziki şəxs, ƏDV ödəyicisi olan şirkətdən EVHF ilə satış üçün aldığı malın müəyyən hissəsini qaimə ilə geri qaytarır. Geri qaytarılan malın dəyəri vergi bəyannaməsində əks olunurmu? Bunu necə etmək olar? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
12/11/2019 Oxunub: 112 Orta qiymət: 5

Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatları dəqiqləşdirilir.

Bununla yanaşı, əməliyyat tam və ya qismən ləğv edildikdə qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə qaytarılan malların alışını rəsmiləşdirən elektron qaimə-faktura dəqiqləşdirilir və alıcı tərəfindən təsdiqlənir.

Qeyd etdiyiniz halda malların geri qaytarılması zamanı elektron qaimə-fakturanın təqdim edilməsi nəzərdə tutulmamışdır.

Malların geri qaytarılmasının rəsmiləşdirilməsi ilə əlaqədar daha geniş məlumatın alınması üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 163-cü, 174-cü və 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Yunis yu***@gmail.com ID: 411
Hörmətli Vergi orqanı. Biz transport şirkəti təsis etmək istəyirik və təsis üzrə bütün sənədləşmələri hazırlayırıq. Şirkətin nəzdində başlanğıc olaraq 5 yük daşıyıcı nəqliyyat vasitəsi olacaq. Ancaq həmin 5 nəqliyyat vasitəsi xidmətin göstərilməsi üçün yetərli deyil. Fəaliyyət üzrə 300-dən artıq yük daşıyan maşınlardan istifadə olunacaqdır. Bu səbəblə biz əlavə nəqliyyat vasitələri cəlb etmək üçün daşınma müqaviləsi üzrə xidmət göstərən fərdi sahibkarlarla əməkdaşlıq etmək istəyirik. Ancaq həmin fərdi sahibkarlar yanacaq xərclərinin təsis ediləcək nəqliyyat şirkəti tərəfindən qarşılanmasını istəyirlər. Sualımız budur ki, daşınma müqaviləsində yanacaq xərcinin təsis edilən nəqliyyat şirkəti tərəfindən qarşılanacağı şərti qeyd edilərsə və nəqliyyat şirkəti tərəfindən həmin fərdi sahibkarlara yanacaq təmin edilərsə: 1) Nağdsız qaydada ödəyəcəyimiz ödənişləri-Əsas məbləği Bank hesabımdan və ƏDV məbləğini Depozit hesabımdan-əvəzləşdirmək qaydalara uyğun mümkündür? 2) Yanacaq şirkətindən əldə edəcəyimiz yanacağa görə çəkdiyim xərcləri gəlirdən çıxılan xərc kimi (Vergidən əvvəlki gəlir) tanımlamaq olar mı? Qeyd: Şirkətin fəaliyyət istiqaməti Beynəlxalq və Yerli yük daşımalarından ibarət olacaqdır. İnşaat materiallarının daşınması. Əsasən yerli firmaların inşaat materiallarının daşınmasını həyata keçiriləcək və Şirkət Əlavə Dəyər Vergisinin ödəyicisi kimi qeydiyyatdan keçəcək. Diqqətinizə görə təşəkkürlər.
12/11/2019 Oxunub: 158 Orta qiymət: 4

Cavab 1. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Qeyd olunan maddənin tələbləri gözlənildiyi halda, sorğunuzda qeyd etdiyiniz ƏDV-nin əvəzləşdirilməsinə qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, rezident fiziki şəxslər tərəfindən rezident müəssisəyə müqavilə əsasında daşıma xidmətlərinin göstərilməsi zamanı müəssisə tərəfindən dəyəri ödənilən yanacaq bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
ƏSƏDOV ASİF YUSİF OĞLU sh***@mail.ru ID: 281
Salam.mənim sualım belədir ki Bələdiyyə mülkiyyətində olan müəssisə Bələdiyyə mülkiyyətində olan torpağı istifadə edir.bu müəssisə torpaq vergisini hansı büdcəyə ödəməlidir?Yerli büdcəyə yoxsa dövlət büdcəsinə?
12/11/2019 Oxunub: 82 Orta qiymət: 5

Bildiririk ki, bütün hallarda hüquqi şəxslər tərəfindən torpaq vergisi dövlət büdcəsinə ödənilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi yerli büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 8.1.4-cü və 208.6-cı maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Həsənov Ruslan Firdovsi ru***@gmail.com ID: 328
Salam. A müəssisəsi B müəssisəsindən dəyəri 100 000 manat (ƏDV-siz) olan mal almış və 18 000 manat ƏDV ödəmişdir. A müəssisəsinin həmin dövrdə ümumi dövriyyəsinin həcmi 200 000 (ƏDV-dən azad), o cümlədən, ƏDV tutulan dövriyyənin həcmi 111 000 manat (ƏDV-siz) təşkil etmişdir. ƏDV tutulan dövriyyənin ümumi dövriyyədəki həcmi 55,5%-dir. Vergi məcəlləsinin 175.4 maddəsinə əsasən A müəssisəsinin B müəssisəsinə ödədiyi 18000 manat ƏDV-nin 9 990 manatı (18000*55,5%) əvəzləşdirilməlidir. Sual budur ki, əvəzləşdirilməsinə yol verilməyən 8 010 manat (18 000-9 990) B müəssisəsinə ödənilmiş ƏDV müəssisənin gəlirdən çıxılan xərclərinə daxil edilməlidirmi?
12/11/2019 Oxunub: 129 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən ƏDV məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir və gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 175-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdullayev Anar Mofiq oğlu an***@box.az ID: 273
Hüquqi şəxs (gəliri icarədən əldə olunur və 200.000 manatı keçmir) ƏDV ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə keçə bilərmi.
12/11/2019 Oxunub: 106 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ayan Kərimova Polad ay***@yahoo.com ID: 272
MMC açmaq üçün nələr tələb olunur?
12/11/2019 Oxunub: 86 Orta qiymət: 0

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəbiyev Orxan Elxan or***@gmail.com ID: 303
Salam. Müraciətimin məzmunu ondan ibarətdir ki, təvəllüdüm və bakalavr təhsilim vergi orqanlarında qulluq etməyimə şərait yaradırmı? Qeyd edim ki, 27 yaşım var və Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almışam və 4 ildir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində mühasib vəzifəsində çalışıram. Xahiş edirəm ki, bu barədə məlumat verəsiniz.
12/11/2019 Oxunub: 69 Orta qiymət: 5

Bildiririk ki, yaşı 35-i keçmiş vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Bununla belə, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.

Sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumatın alınması üçün (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ziya Ramazanov İlqar zi***@yahoo.com ID: 320
A şəxsinin mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi yoxdur. A şəxsi öz avtomobili ilə taksi fəaliyyətini həyata keçirən digər bir fiziki şəxslə müqavilə bağlayaraq bu taksi sürücüsünə müştəri yönəldir. Belə olan halda A şəxsinin hansı vergi öhdəliyi yaranır? Bu halda Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi A şəxsinə şamil edilir?
12/11/2019 Oxunub: 117 Orta qiymət: 5

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Sorğunuzda taksi xidməti göstərən şəxslərə hər hansı xidmət göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 218.5.10-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülabə Novruzova Seyfulla qızı sh***@yahoo.com ID: 280
İşçinin valideynlərindən biri 1941-1945ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?
12/11/2019 Oxunub: 116 Orta qiymət: 5

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahir Kazimov ka***@gmail.com ID: 345
İş vaxtı. Vergi odəyicilərinə xidmət mərkəzi bugün işləyir? Vergi odəyicilərinə xidmət mərkəzi bugün işləyir və saat neçəyə kimi?
12/11/2019 Oxunub: 51 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzləri iş günləri saat 09:00-dan 18:00-dək (fasiləsiz) olaraq fəaliyyət göstərirlər

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elxan Rəhimli re***@yahoo.com ID: 253
Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin 1-ci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?
12/11/2019 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur Osmanov Vahid e.***@mail.ru ID: 180
Sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Azərbaycan Respublikası ərazisində xidmət göstərdikdə "Fərqlənmə nişanı" alıb sadələşdirilmiş vergi ödəyicisi hesab edilirlər. Həmin şəxslər beynəlxalq yük və sərnişin daşımaları xidmətləri göstərdikdə gəlir(mənfəət) vergisi ödəyiciləri olacaqdırlar. Onların 12 ardıcıl ay ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olduqda isə (və ya könüllü surətdə ərizə ilə müraciət etdikdə) ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. Onu da bilirik ki, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətləri ƏDV-nə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunurlar. Suallar: 1. Həmin şəxslər ƏDV ödəyicisi olduqdan sonra (beynəlxalq daşıma dövriyyələri 200 000 manatı keçərsə və ya könüllü sürətdə ərizə verərək) Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirdikdə yenidən "Fərqlənmə nişanı" alıb sadələşdirilmiş vergi ödəyicisi hesab edilə bilərlərmi? Yoxsa, artıq ƏDV ödəyiciləri olduqları üçün artıq daşıma xidmətləri qiymətlərinə ƏDV əlavə etməlidirlər? 2. Həmin şəxslər Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərə və ya fərdi sahibkarlara daşınma xidmətləri göstərdikdə (işçilərin daşınması, yüklərin daşınması və s.) "Fərqlənmə nişanı" alıb sadələşdirilmiş vergi ödəyicisi hesab edilirlər? Yoxsa, xidmət göstərilən şəxs vergi uçotunda olan şəxs olduğu üçün mənfəət(gəlir) vergisi ödəyiciləri olacaqdırlar?
12/11/2019 Oxunub: 221 Orta qiymət: 5

Cavab 1. Müraciətinizdə qeyd olunan mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxsin iki seçimi mövcuddur: Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə əməl etməklə ƏDV qeydiyyatına durmaq və ya əvvəlki qaydada Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərmək.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdiridklərindən onların “Fərqlənmə nişanı” almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Qeyd olunan şəxs beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirdiyi halda həmin fəaliyyət üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir (mənfəət) vergisinin, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda isə eyni zamanda ƏDV ödəyicisi hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 156.1-1-ci, 218.4.1-ci, 221.6-cı maddələri.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılmamışdır. Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci və 218.5.10-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tural Əliyev tu***@gmail.com ID: 319
Hörmətli Vergilər Nazirliyi, Mən Əliyev Tural Fərhad oğlu 2011-2015-ci illər ərzində müxtəlif dövrlərdə "Brandbox" MMC (VOEN: 1302139941), "AS Crystal Group" MMC (VOEN: 1302782001) və "Delta İmport" (VOEN: 1302826971) şirkətlərində direktor vəzifəsində çalışmışam. 2015-ci ildən bu şirkətlərlə əlaqəm yoxdur və bildiyim qədər fəaliyyətləri də dondurulubdur. Lakin mənə sms-lə bu şirkətlərlə bağlı xəbərdarlıqlar gəlir. Şirkətlərin təsisçiləri ilə əlaqə yarada bilmirəm. Bir dəfə çətinliklə əlaqə yaratdım və xaricdə olduqlarını öyrəndim və sənədlərin harada olduqlarını bilmədiklərini öyrəndim. Bütün bu qeyd etdiklərimi nəzərə alaraq mənim bu sadalanan 3 şirkətdən müdir olaraq çıxarılmam barədə yardımçı olmağınzı xahiş edirəm.
12/11/2019 Oxunub: 90 Orta qiymət: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Yuxarıda qeyd olunmuş sənədləri təqdim etmək mümkün olmadıqda rəhbər dəyişikliyi məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qərarı əsasında da həyata keçirilə bilər.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Anar Abidov Elxan ab***@gmail.com ID: 251
Salam. Şirkət 01.08.2019 tarixindən etibarən sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. 10.10.2019 tarixindən etibarən könüllü ƏDV qeydiyyatına keçib. Bilmək istərdim ki, mən hansı hesabatları hansı tarixə kimi vergi orqanlarına təqdim etməliyəm. Əvvəlcədən təşəkkürlər
12/11/2019 Oxunub: 77 Orta qiymət: 0

Vergi Məcəlləsinin 157.3.2-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyat, könüllü qeydiyyat zamanı qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir (müraciətinizdə 01.11.2019-cu il tarixdən).

Qeyd olunanlara əsasən, vergi ödəyicisi  2019-cu ilin 3-cü rübü və 2019-cu ilin 4-cü rübü üçün (10-cu ay üçün) sadələşdirilmiş vergi bəyannaməsi, noyabr ayı üçün ƏDV bəyannaməsini  isə dekabr ayının 20-dən gec olmayaraq təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 157-ci, 177-ci, 221-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəzadə ni***@gmail.com ID: 260
Salam. Men hal-hazırda bakalavram. Mühasib olaraq 1 ilə yaxındır ki, işləyirəm. Gələn il mühasibat və vergi xidmətləri şirkəti (Consulting) qurmaq fikrindəyəm. Sualım odur ki, iki nəfər yəni təsisçi olaraq şirkəti quracıq. Ancaq işçi götürməyəcik bu halda səhv eləmirəmsə fiziki şəxs olaraq qeydiyyatdan keçməliyik. Bu mümkündür?
12/11/2019 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Fəaliyyətiniz hüquqi şəxs olaraq və ya hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” ilə yanaşı tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Eyni zamanda, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yaqub Abdullayev Həsən oğlu ya***@mail.ru ID: 72
Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyatdan keçmiş xarici hüquqi şəxsin (gələcək mətində Baş ofis) Azərbaycan Respublikaslndakı Filialı (gələcək mətində Filial) aidiyyatı üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq fəaliyyət göstərir. Filialın direktoru əcnəbi vətəndaşa Filialı idarə etmək üçün, Baş ofis tərəfindən vəkalətnamə verilib və həmin vəkalətnamə apostil olunub və tərcümə edilib. Vəkalətnamənin ayrılmaz tərkibi olan əlavədə direktora 1000 manat məvacib verilir. Həmin əcnəbi vətəndaş il ərzində ümumlikdə Azərbaycan Respublikasında 70 gündən artıq olmayıb. Qeyd olunanlara əsasən aşağıdakı suallara Azərbaycan Respublikasının qanunvericiliyinə istinad edərək ətraflı izahat verməyinizi Sizdən xahiş edirəm. 1. Azərbaycan Respublikasında vəkalətnaməyə əsasən fəaliyyət göstərən Filialın direktoru ilə əmək müqaivləsi bağlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməlidirmi? 2. Həmin əcnəbi vətəndaşa sosial sığorta nömrəsi (SSN) alınaraq hesabatlarda (sosial sığort ayırmaları, işsizlik sığortası, muzdlu işlə ödəmə mənbəyində tutlan vergi bəyannaməsi, məşğulluq idarəsinə təqdim olunan hesabtalarda, statistika hesabatlarında və sair) bəyan edilməlidirmi?
12/11/2019 Oxunub: 286 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, Əmək Məcəlləsi  müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Əmək Məcəlləsinin 5.1-ci maddəsi.

Cavab 2. Müraciətinizdə qeyd olunan halda, əməkhaqqı qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənildiyi üçün həmin gəlirlər gəlir vergisindən azad edilməmişdir və Vergi Məcəlləsinin 101-ci maddəsinin müvafiq bəndinə əsasən gəlir vergisinə cəlb olunur.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Eyni zamanda əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna əsasən əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Müraciətinizdə qeyd olunan digər qurumlara aid suallarla bağlı aidiyyəti üzrə müraciət edərək məlumat əldə edə bilərsiniz.

Vergi Məcəlləsinin 98-ci, 102.1.2-ci, maddələri, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsi və “İşsizlikdən sığorta haqqında” Qanunun  9-cu maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fariz Mammadov fa***@gmail.com ID: 314
Salam, Taylanddan akvarium balığı sifariş etmək istəyirəm sayı təxmini 100eded. Zəhmət olmasa hansı rüsumlari odeyeceyim haqqında məlumat verərdiniz
12/11/2019 Oxunub: 80 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyindən, malların idxalı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ceyhun Babayev, Natiq ce***@hotmail.com ID: 331
Salam. Azərbaycana xaricdən gətirilən maşınlar Avro 4 standartlarına uyğun olmalıdır. Sualım budur ki, Avro 4 standartına uyğun olan avtomobilin yaş və ya istehsal tarixi önəmlidirmi? Neçə yaşından çox ola bilməz?
12/11/2019 Oxunub: 64 Orta qiymət: 5

Bildiririk ki, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir.

Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinin (195-6) Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qənbərov Zaur Ələddin qe***@gmail.com ID: 211
Salam, Mən 3 aylıq hesabat vermək istəyirəm. Bunu necə etməliyəm?
10/11/2019 Oxunub: 44 Orta qiymət: 0

Müraciətinizdə hesabatın növü dəqiq qeyd olunmadığı üçün bildiririk ki, vergi bəyannaməsini təqdim edən şəxslər, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri, bəyannamə və ərizə formaları, arayış və hesabatlar və onların doldurulması qaydaları ilə səhifəmizin "Bəyannamələr" bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: