Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Famil Mammadov Xanlar oğlu Fa***@mail.ru ID: 403
Salam. Mən sizin Facebook səhifənizdə bu barədə sual ünvanlamışdım. Nəyə görə Mingəçevir bazarında Gürcüstana aid olan aksiz markasız siqaretlerin satışına göz yumulur?
22/11/2019 Oxunub: 123 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, dövlət vergi orqanları müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ  vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədəli Məmmədov ah***@gmail.com ID: 352
http://www.e-qanun.az/framework/42813 əsasən, qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün həm vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat (sahibkarlıq fəaliyyəti məqsədi ilə açılan hesablar üçün) tələb olunur. Sualım: Azərbaycanda nümayəndəliyi və filialı olmayan qeyri-rezident hüquqi şəxs bankda cari hesab açmaq üçün şəhadətnamə-dublikatı necə ala bilər?
22/11/2019 Oxunub: 71 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezident hüquqi şəxs istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda daimi nümayəndəlik yaratmalıdır. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmalı olmayan bölmələr isə Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

Vergi orqanında uçota alındıqdan sonra şəhadətnamə- dublikat almaq üçün vergi orqanına müraciət edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.8-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kerim esgerov So***@inbox.ru ID: 408
Salam. VÖEN müqaviləni çatdırmaq üçün nə etməliyəm? Bu barədə mənə kömək edərdiz.
22/11/2019 Oxunub: 55 Orta qiymət: 0

Müraciətinizin mahiyyəti aydın olmadığı üçün dəqiqləşdirərək yenidən “Sual-cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayılov Firudin Cəfər oğlu fi***@azerenerji.gov.az ID: 454
VM 102.2.5 maddəsi Böyük Vətən Müharibəsi iştirakçılarına şamil edilirmi?
20/11/2019 Oxunub: 52 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rashad Jamalov r.***@gmail.com ID: 267
Salam. Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən, pərakəndə ticarət zamanı alıcılara NKA çeki təqdim olunmalıdır. Bəs əgər mallar pərakəndə şəkildə nisyə satılırsa, bu zaman NKA çeki verilməlidir mi? Misal: Müştəri 1300 manatlıq malı 12 aylıq ödəniş şərti ilə alıb. Bu zaman ilkin ödəniş 100 AZN və növbəti 12 ay ərzində hər ay 100 AZN ödəniş edir. Bu zaman satış zamanı müştəriyə ilkin ödənişin NKA çeki (100 AZN) verilməlidir yoxsa ümumi satışın (1300 AZN) çeki?
16/11/2019 Oxunub: 228 Orta qiymət: 5

Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə nisyə qaydada satışı həyata keçirildikdə, bu cür satış zamanı hər ödəniş hissəsinə mütənasib alıcıya nəzarət-kassa aparatının çeki təqdim olunur və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Adıgözəlov Aydın oğlu ma***@hotmail.com ID: 392
Salam. Zəhmət olmasa, sualımı cavablandırardınız. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməni Fıziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə dəşiydirmək mümkündürmü? Bunun üçün hansı prosedurlara ehtiyac var? Əvvəlcədən təşəkkürlər.
15/11/2019 Oxunub: 65 Orta qiymət: 5

Bildiririk ki, Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Emil Əliyev Tahir oglu al***@mail.ru ID: 322
Salam. Mənim sentyabr ayından vergiyə borcum vardı. Bu ay istədim o borcu ödəyib qurtarım, "Unibank" bank xidmətlərindən istifadə edib online ödəniş etmək istədim. Orada mənə 2 seçim qoyuldu. Əsas borc və avans. Əsas borcu seçirdim xəta verirdi, keçdim avans seçiminə və ödənişi ora etdim borcumu. Vergilər nazirliyinin rəsmi saytından baxıram, borcum yerində qalıb, heç bir şey silinməyib. Mənə necə köməkçi ola bilərsiniz? Təşəkkürlər.
15/11/2019 Oxunub: 154 Orta qiymət: 5

Əliyev Emil Tahir oğlu (VÖEN 2004143672) 15.11.2019-cu il tarixinə vergi borcunuz yoxdur.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Nazim Eyyubov Bala Ağa en***@gmail.com ID: 380
Xarici ölkələrdən qida məhsullarını idxal edirik. Son zamanlar Qida Təhlükəsizliyi Ağentliyi gətirilən malların istehsal yerində yoxlanması üçün əməkdaşlarının bizim hesabımıza xarici ölkələrə ezam edilməsini və bu işlə əlaqadar yaranan xərclərin bizim firmamızın hesabına çəkiləcəyi xəbərdarlığını bizə bildirmişdilər. Sual: Bu məsələ nə dərəcə qanuna uyğundur və əgər qanuna uyğun isə bu işlə əlaqadar müəssisəmizin çəkdiyi xərcləri məhsulun gətirilməsi ilə əlaqədar maya dəyəri xərclərinin daxilinə əlavə etmək olarmı?
15/11/2019 Oxunub: 82 Orta qiymət: 3

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan məsələnin aidiyyəti üzrə cavablandırılması üçün Qida Təhlükəsizliyi Ağentliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Sadaqat Isayeva Agarza qızı is***@rambler.ru ID: 321
Добрый день. Организация из Туркменской Республики хочет заключить договор на приобретении авиа билетов с местной туристической организацией (которая является плательщиком НДС). По закону Туркменской Республики, они тоже будут удерживать определенный % с комиссии (odeme membeyi) и соответственно платить будут меньше выставленного инвойса. Вопрос: при сдаче НДС отчета и годового менфеет отчета, гелир должен указываться по начислению или по поступлению?
15/11/2019 Oxunub: 149 Orta qiymət: 5

Bildiririk ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

ƏDV məqsədləri üçün daxil olan məbləğ isə ödəmə mənbəyində tutulan gəlir vergisinin məbləğini də özündə ehtiva edir.

Xarici dövlətdə əldə olunan gəlirlərin bəyan edilməsi ilə bağlı isə bildiririk ki, rezident hüquqi şəxs digər dövlətdə ödənilən mənfəət vergisini xərc kimi gəlirdən çıxa bilmir, xaricdə vergiyə cəlb olunan gəlirləri də daxil olmaqla, bütün gəlirlərindən bu gəlirdən çıxıla bilən bütün xərcləri çıxır, yaranan fərqdən Azərbaycan Respublikasında qüvvədə olan vergi dərəcəsi ilə mənfəət vergisini hesablayır, hesablanmış vergi məbləğindən xaricdə ödənilən gəlir vergisini və ya gəlirdən hesablanan digər vergini çıxır, yerdə qalan məbləği isə büdcəyə ödəyir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 127.1-ci, 161.1-ci, 165.1.3-cü və 168.1.5-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynov İmran Süleyman oğlu se***@mail.ru ID: 370
Salam. Mən Naxçıvan şəhərində yaşayıram. 2014-cü ilin may ayında Naxçıvan şəhərində binada mənzil almışam. Lakin 6 ilə yaxın bir vaxtda ailəmlə orada yaşasam da evin üzərinə qeydiyyata düşməmişəm. Hazırda evimi başabaş həyət evi ilə dəyişmək istəyirəm. Evin satışından heç bir gəlir götürmürəm. Ancaq notariuslarda evə görə vergi ödəməli olduğumu deyirlər. 5 ildən artıq qeydiyyatda olmadığım evi satdığımda vergi ödəməli olduğumu bilirəm. Lakin Vergi Məcəlləsində evi satdıqda vergi ödəməli olduğumuz yazılır. Satış həyata keçirilmirsə və bir növ yalnız yaşayış yerləri dəyişilirsə biz nəyə görə vergi ödəməliyik? Xahiş edirəm bu məsələyə bir aydınlıq gətirib, mənə köməklik göstərəsiniz.
15/11/2019 Oxunub: 111 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əmlakın digər əmlakla dəyişdirilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması” kalkulyatoru yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Alfirenko İrina Yuryevna ir***@mail.ru ID: 358
Salam. Şirkətimiz əmlak icarəsindən gəlir əldə edir. Əsas fəaliyyət növü əmlakın icarəsi (kod 68200). Hansı vergi növü ödəməliyik? Əlavə dəyər vergisi-18% və ya sadələşdirilmiş vergi-4%. Kirayə haqqı 28 800 manatdır. Cavab üçün təşəkkür edirəm.
15/11/2019 Oxunub: 233 Orta qiymət: 5

İcarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda isə onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin  ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Belə ki, bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.

Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatının həcmi 200.000 manatdan artıq olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.

Əlavə olaraq bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin dərəcəsi bütün respublika üzrə 2 faiz müəyyən edilmişdir.

Əsas : Vergi Məcəlləsinin 104-cü, 105-ci, 149-cu, 155.1-ci, 218.5.4-cü, 220.1-ci və 221.7-ci maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Xəlil Ağamalızadə ka***@pashaconstruction.com ID: 369
İl sonunda qalıq dəyəri 500 manatdan az olan əsas vəsait mənfəət vergisi bəyannaməsində əlavəsində və xərclər hissəsində hansı sətirdə göstərilməlidir?
15/11/2019 Oxunub: 214 Orta qiymət: 5

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda amortizasiya olunmayaraq, “Mənfəət vergisinin bəyannaməsi”nin “Xərclər” hissəsinin “VM-nin 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği” sətrində qeyd olunmaqla birbaşa gəlirdən çıxılır.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Nigar Imamova ni***@gmail.com ID: 333
Salam. Bildiyimiz kimi, turizm şirkətləri Azərbaycanda fəaliyyət göstərən otellərdə yerli və xarici turistləri yerləşdirir və bunun üçün həmin otellərə ödəniş edir. Əgər otel turizm şirkəti ilə müqavilə bağlamadan müştərilərin nömrədə qalmaq haqqını birbaşa ödəniş terminallarında və yaxud ödəniş portallarında yaradılmış hesablar vasitəsilə qəbul edərsə vergi qanunvericiliyinə zidd hal yarana bilər? Əvvəlcədən təşəkkürlər.
15/11/2019 Oxunub: 186 Orta qiymət: 4

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi təsbit olunur.

Eyni zamanda, müştərilər tərəfindən birbaşa otelə nağdsız qaydada ödənişlərin edilməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Müraciətinizdə qeyd olunan turizm şirkəti ilə otellər arasında müqavilələrin şərtləri vergi qanunvericiliyi ilə tənzimlənmədiyi üçün münasibət bildirilməsi imkan xaricindədir.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Əli Həsənov Həsən al***@gmail.com ID: 327
Sualıma verəcəyiniz dolğun və ətraflı cavabınıza görə sizə əvvəlcədən minnətdarlığımı bildirirəm, Sual 1. rezident A müəssisəsi özünə məxsus avadanlığı qeyri -rezident B müəssisəsində təmir etdirir.Təmirin (xidmətin) həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi deyil.Sual belədir; Təmir üçün B müəssisənə vəsait ödəyən A müəssisəsi B müəssisəsinə ödədiyi vəsaitdən ödəmə mənbəyindən vergi tutmalıdırmı? Sual2. Bəzən olur ki,daimi əsaslarla göstərilən xidmətlər üçün EQF-a və ya EVHF-sı həmin ay ərzində və ay sonu deyil,növbəti ayda təqdim edilir.Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF-sı) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi),yoxsa xidmətin göstərildiyi dövr olmalıdır.Daha əyani misalla qeyd edim.Vergi ödəyicisinə Dekabr-2019 cu ildə göstərilən xidmətə görə Yanvar-2020 cu ildə EQF-ı və EVHF sı təqdim olunub.Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidmət haqqı xərcini Dekabr-2019 cu ilə yoxsa ,EQF-nın təqdim edildiyi Yanvar-2020 ci ilə aid etməlidir. Sual 3.Malın (iş və ya xidmət ) alındığını (göstərildiyini) təsdiq edən sənəd EQF-dır yoxsa EVHF-ı, daha dəqiqi vergi ödəyicisi tərəfindən alınmış  mallar  EQF yoxsa, EVHF-sı əsasında balansa qəbul edilməli iş və xidmətlər isə xərcə aid edilməlidir? Əvvəlcədən təşəkkür edirəm.
15/11/2019 Oxunub: 307 Orta qiymət: 3

Cavab 1. Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və bu gəliri ödəyən rezident şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Qeyd edilən xidmətə görə qeyri-rezidentə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci maddələri.

Cavab 2. Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmçinin, vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 71-1-ci, 133-cü, 136-cı maddələri.

Cavab 3. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir. 

Sorğunuzda qeyd edilən ciddi hesabat blanklarının tətbiqi isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsindən irəli gəlir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 176-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Həmdullayeva Ülkər ul***@gmail.com ID: 349
Salam. Xarici ölkənin Azərbaycandakı Səfirliyinə işə düzələn şəxs hansı vergiləri ödəməlidir? Zəhmət olmasa adi işçi və muzdla işləyən işçiyə aid vergiləri qeyd edəsiniz. Səfirliyin üzərinə hansı vergi öhdəlikləri düşür? Vergilərin ödənilməsi hansı qaydada həyata keçirilir. Vergilərin miqdarı Məcəllənin hansı maddəsində qeyd olunub?
15/11/2019 Oxunub: 152 Orta qiymət: 0

Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci maddəsi.

Cavab 2. “Diplomatik əlaqələr haqqında” 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının 23-cü maddəsinə əsasən akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət növünün ödənişi olan vergi, yığım və rüsumlardan başqa nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə bütün dövlət, rayon və bələdiyyə vergi, yığım və rüsumlarından azaddırlar.

Vyana Konvensiyasının 28-ci maddəsinə əsasən özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin aldığı mükafatlar və pullar bütün vergi, yığım və rüsumlardan azad edilir.

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məlokov Fəhmi Mirzəbaba oğlu me***@mail.ru ID: 257
1. Müəssisəmizdə 2018-ci ilin sonuna əmlakın qalıq dəyəri (nəqliyyat vasitəsi) 18000 manat təşkil edir. 2019-cu ildin iyun ayında 10000 manat dəyərində əsas vəsait alınıb . 2019-cu il üzrə əsas vəsaitin amortizasiyasının hesablanmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. 2. Əgər yeni açılmış müəssisədə cari il ərzində (iyun 2019-cu il tarixində) 10000 manatlıq əsas vəsait (nəqliyyat vasitəsi) alınıbsa amortizasiya hesablanması necə olacaq.
15/11/2019 Oxunub: 160 Orta qiymət: 0

Cavab 1-2. Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Müraciətinizdə qeyd olunan halda:

18 000 + 10 000 = 28 000

28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Musabəyov Anar Yusif oğlu an***@mail.ru ID: 194
1) AR VM-nin 164.1.27-ci maddəsinə əsasən çörəyin istehsalı və satışı ƏDV-dən azaddır. Bəs, burada çörək dedikdə, müxtəlif növ undan (buğda, arpa, çovdar və s) bişirilmiş, müxtəlif formalarda olan (zavod, baton, kərpici, təndir, kürə, dönər və s. formalı çörəklər) çörək növləri, müxtəlif növ undan hazırlanmış və müxtəlif ölçülərdə olan lavaş növləri, qurudulmuş çörək qırıntıları (suxari) nəzərdə tutulubmu? 2) AR VM-nin 164.1.37-ci maddəsinə əsasən quş ətinin satışı ƏDV-dən azaddır. İşlədiyim müəssisə idxal olunmuş quş ətini onu idxal edən təchizatçıdan ƏDV-li qiymətlə alır. Sualım budur ki, işlədiyim müəssisə bu quş ətini ƏDV-yə cəlb etmədən satmalıdır, yoxsa ƏDV-yə cəlb etməlidir? Ümumiyyətlə, sözügedən maddə Azərbaycan istehsalı olan quş ətinə aiddir?
15/11/2019 Oxunub: 311 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir.

Qeyd olunan maddədə azadolma çörəyin bütün növlərinə aid edilmişdir. Lavaş, suxarı və s. unlu məmulatlar isə ümumi qaydada ƏDV-yə cəlb olunur.

Cavab 2. Bildiririk ki, quş ətinin satışı 01.01.2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilmişdir və müraciətinizdə qeyd olunan müəssisənin quş ətinin satışından əldə etdiyi gəlirlər ƏDV-dən azaddır.

Lakin quş ətinin idxalı ƏDV-ən azad edilmədiyi üçün həmin məhsulların idxalı ƏDV-nin vergitutma obyekti hesab olunur.

Müəssisənin ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilməyən ƏDV məbləği məhsulun maya dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır.

Əsas: Vergi Məcəlləsinin 159.8-ci  və 164.1.37-ci maddələri.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Rəhim Rəhimzadə Rəfail oğlu re***@gmail.com ID: 208
Salam, hörmətli vergi əməkdaşları, Qeyri-rezident hüquqi şəxs tərəfindən rezident hüquqi şəxsə, iki firma arasında əməkdaşlığın genişləndirilməsi üçün rezident firma tərəfindən Azərbaycan Respublikası ərazisində reklam işlərinin görülməsi, mal-material və kiçik proqram təminatlarının alınması məqsədi ilə 5000 dollar pul vəsaitinin köçürməsini planlaşdırır. Xahiş edirəm cavablandırasınız, bu əməliyyat zamanı: 1. Rezident hüquqi şəxsin mənfəət vergisi öhdəliyi yaranırmı? 2. Köçürülən məbləğə 10% mənbədən vergi tətbiq edilirmi? 3. Köçürülən məbləğ ƏDV üzrə vergitutma obyekti sayılırmı? Təşəkkür edirəm.
15/11/2019 Oxunub: 168 Orta qiymət: 0

Cavab 1-3.Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə ödənilən gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı olan və Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılmasına yol verilən xərclər çıxıldıqdan sonra mənfəət vergisinə cəlb olunur.

Rezident müəssisə ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, müəssisə ödənilən vəsait qarşılığında qeyri-rezidentə xidmət göstərdiyi üçün, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Eyni zamanda bildiririk ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Sorğuda  göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumat təqdim edildiyi halda qeyd olunan əməliyyat üzrə yaranan vergi öhdəliklərinə münasibət bildirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci,  159-cu, 168-ci maddələri.

Cavab 2. Qeyri-rezident şəxsə ödənilən məbləğlərdən Vergi Məcəlləsinin 125-ci maddəsində qeyd olunan gəlirlərdən ödəmə mənbəyində vergi tutulmalıdır. Sorğunuzda  qeyri-rezident  tərəfindən hər hansı gəlir əldə edilmədiyi üçün ödəmə mənbəyində verginin tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı və 125-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayıllı Vüsalə Aydın Vu***@gmail.com ID: 363
Salam. Zəhmət olmazsa sualımı cavablandırardınız. Sığortaedən tərəfindən və DSMF tərəfindən işçiyə ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (xəstəlik müavinəti) işsizlikdən sığorta haqqına cəlb edilirmi?
15/11/2019 Oxunub: 180 Orta qiymət: 5

“İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd edilənlərə əsasən əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Həşimov Sahib Əli oğlu sa***@mail.ru ID: 278
Hüquqi şəxs ona məsus olan obyektini digər hüquqi şəxsə icarəyə verərkən icarə haqqından yaranan vergini kim ödəməlidir? Qarşılıqlı razılığa əsasən bu vergini icarəyə götürən hüquqi şəxs ödəyə bilərmi?
15/11/2019 Oxunub: 123 Orta qiymət: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

Məlumat üçün bildiririk ki, vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 149-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver: