Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Musabəyov Anar Yusif oğlu an***@mail.ru ID: 194
1) AR VM-nin 164.1.27-ci maddəsinə əsasən çörəyin istehsalı və satışı ƏDV-dən azaddır. Bəs, burada çörək dedikdə, müxtəlif növ undan (buğda, arpa, çovdar və s) bişirilmiş, müxtəlif formalarda olan (zavod, baton, kərpici, təndir, kürə, dönər və s. formalı çörəklər) çörək növləri, müxtəlif növ undan hazırlanmış və müxtəlif ölçülərdə olan lavaş növləri, qurudulmuş çörək qırıntıları (suxari) nəzərdə tutulubmu? 2) AR VM-nin 164.1.37-ci maddəsinə əsasən quş ətinin satışı ƏDV-dən azaddır. İşlədiyim müəssisə idxal olunmuş quş ətini onu idxal edən təchizatçıdan ƏDV-li qiymətlə alır. Sualım budur ki, işlədiyim müəssisə bu quş ətini ƏDV-yə cəlb etmədən satmalıdır, yoxsa ƏDV-yə cəlb etməlidir? Ümumiyyətlə, sözügedən maddə Azərbaycan istehsalı olan quş ətinə aiddir?
15/11/2019 Oxunub: 316 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir.

Qeyd olunan maddədə azadolma çörəyin bütün növlərinə aid edilmişdir. Lavaş, suxarı və s. unlu məmulatlar isə ümumi qaydada ƏDV-yə cəlb olunur.

Cavab 2. Bildiririk ki, quş ətinin satışı 01.01.2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilmişdir və müraciətinizdə qeyd olunan müəssisənin quş ətinin satışından əldə etdiyi gəlirlər ƏDV-dən azaddır.

Lakin quş ətinin idxalı ƏDV-ən azad edilmədiyi üçün həmin məhsulların idxalı ƏDV-nin vergitutma obyekti hesab olunur.

Müəssisənin ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilməyən ƏDV məbləği məhsulun maya dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır.

Əsas: Vergi Məcəlləsinin 159.8-ci  və 164.1.37-ci maddələri.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Rəhim Rəhimzadə Rəfail oğlu re***@gmail.com ID: 208
Salam, hörmətli vergi əməkdaşları, Qeyri-rezident hüquqi şəxs tərəfindən rezident hüquqi şəxsə, iki firma arasında əməkdaşlığın genişləndirilməsi üçün rezident firma tərəfindən Azərbaycan Respublikası ərazisində reklam işlərinin görülməsi, mal-material və kiçik proqram təminatlarının alınması məqsədi ilə 5000 dollar pul vəsaitinin köçürməsini planlaşdırır. Xahiş edirəm cavablandırasınız, bu əməliyyat zamanı: 1. Rezident hüquqi şəxsin mənfəət vergisi öhdəliyi yaranırmı? 2. Köçürülən məbləğə 10% mənbədən vergi tətbiq edilirmi? 3. Köçürülən məbləğ ƏDV üzrə vergitutma obyekti sayılırmı? Təşəkkür edirəm.
15/11/2019 Oxunub: 169 Orta qiymət: 0

Cavab 1-3.Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə ödənilən gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı olan və Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılmasına yol verilən xərclər çıxıldıqdan sonra mənfəət vergisinə cəlb olunur.

Rezident müəssisə ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, müəssisə ödənilən vəsait qarşılığında qeyri-rezidentə xidmət göstərdiyi üçün, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Eyni zamanda bildiririk ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Sorğuda  göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumat təqdim edildiyi halda qeyd olunan əməliyyat üzrə yaranan vergi öhdəliklərinə münasibət bildirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci,  159-cu, 168-ci maddələri.

Cavab 2. Qeyri-rezident şəxsə ödənilən məbləğlərdən Vergi Məcəlləsinin 125-ci maddəsində qeyd olunan gəlirlərdən ödəmə mənbəyində vergi tutulmalıdır. Sorğunuzda  qeyri-rezident  tərəfindən hər hansı gəlir əldə edilmədiyi üçün ödəmə mənbəyində verginin tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı və 125-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayıllı Vüsalə Aydın Vu***@gmail.com ID: 363
Salam. Zəhmət olmazsa sualımı cavablandırardınız. Sığortaedən tərəfindən və DSMF tərəfindən işçiyə ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (xəstəlik müavinəti) işsizlikdən sığorta haqqına cəlb edilirmi?
15/11/2019 Oxunub: 188 Orta qiymət: 5

“İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd edilənlərə əsasən əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Həşimov Sahib Əli oğlu sa***@mail.ru ID: 278
Hüquqi şəxs ona məsus olan obyektini digər hüquqi şəxsə icarəyə verərkən icarə haqqından yaranan vergini kim ödəməlidir? Qarşılıqlı razılığa əsasən bu vergini icarəyə götürən hüquqi şəxs ödəyə bilərmi?
15/11/2019 Oxunub: 124 Orta qiymət: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

Məlumat üçün bildiririk ki, vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 149-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əsədov Cəmil Tavuz oğlu as***@gmail.com ID: 334
Müəssiənin məcburi dövlət sosial sığorta borcları üzrə büdcədənkənar dövlət fonduna 3 rüb üzrə borcu var və bu səbəbdən də bank hesabına sərəncam qoyulub. Eyni zamanda müəsisənin əmək müqaviləsi ilə işləyən işçilərinə əmək haqqının ödənilməsi üçün 3 rüb üzrə əmək haqqı borcları qalıb. Mülki Məcəllənin 965.2.2 bəndinə görə hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə əmək haqqı ödənişləri, sonra isə sərəncamların ödənilməsi həyata keçirilir. Xahiş edirik, işçilərin gecikmiş əmək haqqını n ödəmənilməsi üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş hansı addımların atılmasının (vergi orqanına hansı sənədlərlə müraciət etmək, xidmət göstərən banka hansı sənədləri təqdim etmək yaxud dugər üsullar) zəruriliyi barədə bizə məlumat verəsiniz. Öncədən təşəkkürlər.
15/11/2019 Oxunub: 115 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi Mülki Məcəllənin 965.2-ci maddəsində göstərilmiş ardıcıllığa uyğun olaraq icra edilir.

Vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üçün hesabdan pul vəsaitinin məxaricini nəzərdə tutan sənədlər icra edildikdən sonra dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə əməliyyatları həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 65.6-cı maddəsi, Mülki Məcəllənin 965.2.2-ci və 965.2.3-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rəsul es***@mail.ru ID: 311
Salam. Sualım mikro sahibkar müəssisənin təsisçiyə ödənilən köhnə illərdən (2014-2017-ci illər) kassada yığılıb qalmış pul vəsaitindən bir sözlə Dividend barədədir. Siz qeyd edirsiniz ki, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir.1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır. Burada bir sual yaranır, lakin Vergi Məcəlləsində qeyd edilməyib ki, hansı zamanlar üzrə formalaşan bölüşdürülməmiş mənfəətdən söhbət gedir. Sadəcə yazır ki, ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Yəni, 10 % ödəmə mənbəyində tutulan vergidən azaddır. Nə isə bu çox mübahisəli məsələdir. Məhkəmə yolu ilə həll etmək olar. Sağ olun.
15/11/2019 Oxunub: 133 Orta qiymət: 5

Bildiririk ki, müraciətinizə 17.10.2019-cu il tarixdə ətraflı cavab verilmişdir (ID 299). Cavaba əlavə olaraq bildiririk ki, güzəşt hüququ qanunun qüvvəyə mindiyi tarixdən etibarən verilir və bu da həmin güzəştin 01.01.2019-cu il tarixdən etibarən  yaranan xalis mənfəətdən ödənilən dividendlərə şamil olunduğuna dəlalət edir.

Əlavə olaraq bildiririk ki, müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur.

Əsas: Vergi Məcəlləsinin 15.1.9-cu, 62-ci və 102.1.22-1-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Nicat Paşayev Rövşən ni***@gmail.com ID: 212
Salam. A MMC topdansatış fəaliyyəti ilə məşqul olan hüquqi şəxdir.(Mənfəət və ƏDV vergisinin ödəyicisidir). Sentyabr 2019-cu il tarixində logistika şirkəti olan B MMC-nin vasitəsi ilə müştərisi olan C MMC-ə 10,000.00 AZN dəyərində malları təqdim edir. Lakin mallar B MMC tərəfindən müştəriyə yəni C MMC-ə çatdırılan zaman yol nəqliyyat hadisəsi baş verir və nəticədə mallar yararsız vəziyyətə düşür. A MMC ilə B MMC arasında bağlanmış müqavilə şərtlərinə görə dəymiş zərər B MMC tərəfindən yararsız vəziyyətə düşmüş malların maya dəyəri (7,000.00 AZN) ilə A MMC-ə ödəniləcəkdir. Bu halda A MMC-ə dəymiş zərərin ödənilməsi mənfəət vergisinə və ƏDV-ə cəlb edilib edilməməyi sualı yaranır. ƏDV və (və ya) Mənfəət vergisinə cəlb ediləcəyi təqdirdə vergi tutulan əməliyyatın dəyəri hər bir vergi növü üzrə necə hesablanacağı haqqında məlumat vermənizi xahiş edirik.
15/11/2019 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi  malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların idxalı və ya alınması  zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirlərinin mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 159.5-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Cəfərov Saleh Mais oğlu sa***@gmail.com ID: 279
İctimai iaşə fəaliyyəti ilə məşğul olan, VÖEN-i olan şəxslərə yemək sataraq, onlara e-qaimə təqdim edən şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olub-olmaması barədə məlumat verməyinizi xahiş edirəm.
15/11/2019 Oxunub: 126 Orta qiymət: 5

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.

Eyni zamanda Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 218.1.2-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayeva Sədaqət Arif qızı sa***@inbox.ru ID: 368
Şirkətinin əsas fəaliyyəti yaşayış evlərinin tikintisi ilə məşğul olmaqdır . 01 yanvar 2016-cı ildə Sadələşmiş vergi üzrə yeni sistemə keçmişdir. Sadələşmiş vergi vaxtında hesablanmış və ödənilmişdir. Tikinti başa çatıb. Hal hazırda mənzillər satılmaq üçün hazır vəziyyətdədir. Büdcə qarşısında borcumuz yoxdur. Alıcılar tərəfindən satış görə əldə olunan məbləğ necə qanuniləşdirilməlidir? Daşınmaz Əmlakın qeydiyyatı zamanı ASAN xidmətdə və yaxud Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində əmlakı rəsmi şəklə salmaq üçün bina tikəndən müqavilə , yaşayış binasının istismara yararlı olduğu barədə akt və alıcının bina tikən qarşısında borcu olmadığı barədə arayış tələb olunur. Və bu halda hansı bəyannamələri verməliyik.
15/11/2019 Oxunub: 111 Orta qiymət: 5

Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Qeyd edilən arayışın əldə edilməsi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-ci və 221-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tural Babanlı Elman tu***@gmail.com ID: 357
Mənim VÖEN sərəncam var. Ödəniş olunub keçən həftədən hələ də götürülməyib, kart blok olunub. Xahiş edirəm onu açasınız.
15/11/2019 Oxunub: 106 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Müraciətiniz barədə ətraflı məlumat üçün uçotda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 65.8-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cabbarova Elnarə Sabir qızı el***@mail.ru ID: 326
Salam. Sualım belədir ki, xaricdən proqram lisenziyası alınır. Hüquqi şəxsdir. 1. Ölkədaxilində digər şirkətlərə satılır. 2. Şirkətin öz istifadəsi üçün alınır. Bilmək istərdim ki, hər 2 halda ayrı-ayrılıqda yazardınız hansı vergi öhdəlikləri yaranır?
15/11/2019 Oxunub: 149 Orta qiymət: 4

Bildiririk ki, qeyri-rezidentdən alınmış proqram təminatına görə ona edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

ƏDV ödəyicisi olan rezident hüquqi şəxs tərəfindən hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-faktura sayılır.

Qeyd olunan məhsul digər şəxslərə təqdim olunduğu halda, ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.8-ci, 13.2.9-cu, 13.2.11-ci, 125.1.5-ci və 169-cu maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Nesirova Mahire Yashar ma***@gmail.com ID: 364
Salam. Mənə sms gəlib sizin qutunuzda 1 ədəd oxunmamış sənəd var. Onu evdə necə baxa bilərəm?
15/11/2019 Oxunub: 57 Orta qiymət: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fuad Səlimov Fariz fu***@referencegroup.az ID: 365
Salam. Sualım icarə ilə bağlıdır. Bakı şəhərində icarəyə yer götürmüşəm və 500 manat razılaşmışıq. Amma vergi orqanları bazar qiyməti ilə icarəni hesablayır. İcarə haqqında qanunun 8-ci maddəsinə əsasən İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər.
15/11/2019 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllədə göstərilən hallar istisna olmaqla müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən tərəflər icarə haqqının məbləği barədə aralarında razılığa gələrək onu müqavilədə əks etdirmək hüququna malikdirlər.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Əsas: Mülki Məcəllənin 390-cı maddəsi, 33-cü və 34-cü fəsilləri, Vergi Məcəlləsinin 14.3.5-ci və 124.4-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bəşir Alıahyarov Şakir al***@mail.ru ID: 367
Xüsusi mülkiyyəti təsdiq edən sənədi olan (kupça) fərdi yaşayış evinin vergisi ödənilirmi və kimə ödənilir (icra hakimiyyərinə, yerli bələdiyyəyə, Vergilər Nazirliyinə yoxsa başqa ünvana)?
15/11/2019 Oxunub: 111 Orta qiymət: 5

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri isə əmlak vergisinin vergitutma obyektidir.

Bildiririk ki, sorğunuzda qeyd edilən mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cavadova Sevinc Sabir qızı. se***@mail.ru ID: 360
"ELEONORA EXPORT COMPANY LTD" MMC (VÖEN 1305181831) 18 oktyabr 2017-ci il tarixində 01 nömrəli Qərar ilə ləğv olunmuş və ləğv olunma sənədləri Azərbycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim olunmuşdur. 29 oktyabr 2019-cu il tarixində telefona Vergilər Nazirliyindən mesaj gələrək 3-rüb 2019-cu ilin sadələşdirilmiş vergi bəyannaməsinin veriməməsi haqqında xəbərdarlıq edilmişdir. MMC-nin ləğv olunması üçün lazım olan sənədlər təqdim etmişəmsə,məndən bəyannamə niyə tələb olunsun? Xahiş edirik bir ölçü götürəsiniz.
15/11/2019 Oxunub: 58 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələnin araşdırılması üçün Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamran 59***@mail.ru ID: 371
Keçid balı ne qədərdir?
15/11/2019 Oxunub: 79 Orta qiymət: 5

Bildiririk ki, test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Müsaqil Musabəyli m_***@yahoo.com ID: 193
Salam, Mən proqramçı kimi Qəbələ şəhərində işləyirəm, mənim sualım Sosial sığortaya aid idi. Sual: Mən əgər carı rüb ərzində yalnız bir ay çalışmışam (mənim bank hesabıma vəsait yalnız həmin ay gəlibdir), mən yalnız həmin ay üçün sosial sığorta ödənişi eləməliyəm? Hörmətlə, Müsaqil Musabəyli
12/11/2019 Oxunub: 178 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız faəliyyət göstərdikləri ay üçün qanunvericilikdə nəzərdə tutulmuş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Sorğunuzda qeyd olunan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 20 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Emin Vəliyev Nizami Em***@gmail.com ID: 330
Salam. Mən adıma vöen olub-olmaması haqqında yazılı məlumat almaq istəyirəm bunun üçün sizdən kömək etməyinizi xahiş edirəm.
12/11/2019 Oxunub: 111 Orta qiymət: 5

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur. Əlavə olaraq bildiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əhməd Vahab ah***@gmail.com ID: 264
Vergi ödəyicisi olmayan şəxs sahib olduğu obyekti icarəyə verib. Həmin obyektə elektrik sayğacını quraşdırmaq üçün də müvafiq quruma müraciət edir. 1-ci sual: Obyekt yiyəsinin VÖEN-i olmadığına görə işıq idarəsi tərəfindən elektron qaimə tərtib olunmamalıdır, yoxsa bu halda icarəyə götürən vergi ödəyicisinə elektron qaimə yazılmalıdır? 2-ci sual: Həmin obyekt sahibləri mütləq vergi uçotuna durmalıdırlarmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.
12/11/2019 Oxunub: 167 Orta qiymət: 3

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın o cümlədən elektron vergi hesab-fakturanı təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Ləman LE***@MAIL.RU ID: 301
Salam, Kapital banka 1 kart almaq üçün müraciət etdim, onlar söylədi rəsmi iş yerin varsa buyur, mən də dedim var. Yaxınlaşdım.asan imzam ilə daxil olub baxdılar. Rəsmi iş yerim (elektron qaydada) fərdi sahibkarın yanında olduğu üçün 1 kart təqdim etmədilər. (300 manatliq 1 kartların) . Söylədilər ki, biz ancaq Dövlət işçilərinə və Hüquqi şəxslərdə işləyənlərə və ya əməkhaqqını kartla bizdən alanlara 1 kart təqdim edirik. Fərdi sahibkarın yanında işləyən rəsmi işçilər isə bizim üçün işçi deyil, lap 10 il işlədiyi yer olsa belə. Bank of Baku bankı da eyni qaydada dedi. Amma UNi bank öz kartını təqdim etdi. Bir ölkədə bankların özünə aid fərqli –fərqli qayda qanunları var..Mən isə bilmək istərdim fərdi sahibkarın rəsmi işçisi ilə hüquqi şəxsin işçisi arasinda nə fərq var, fərq varsa hansı qanunla tezimlənir? 2-ci sual. Əməkhaqqını kartla almaq mikro-kicik sahibkar üçün vacibdirmi? Vacib deyilsə bunu banklar niyə şərt kimi qarşımıza qoyur? Sağ olun
12/11/2019 Oxunub: 163 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Eyni zamanda bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Banklar tərəfindən kredit riskinin idarə olunması isə ölkədə qüvvədə olan müvafiq sahə qanunvericiliyi və bankın daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizlə bağlı aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş  “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli 590-IIQ saylı Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver: