Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Qərarı ləğv edilmişdir.

Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir.3

Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı.
 

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması və borcun olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Xidmət mərkəzlərinin ünvanları aşağıdakılardır:
Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı).
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 276 (Neftçilər metro stansiyasından 78 №-li avtobus xətti).
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10a (Binə t/m, 124 №-li, Sədərək t/m 174 №-li, Bakı Beynəlxal Avtovağzalından 130 №-li, qəsəbədaxili 111 №-li avtobus xətləri).
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin "Elit" hissəsinin 2-ci mərtəbəsi, Sədərək Xidmət Mərkəzi.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin girişi, Binə Xidmət Mərkəzi.
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 15 (85, 199, 20, 67, 94, 211, 3, 33, 26 №-li avtobus xətləri).

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Göründüyü kimi, ƏDV-dən azadolma heyvan və quş ətinin idxalına deyil, satışına tətbiq olunur. 

Əsas: Vergi Məcələsinin 164-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

Ümumi qiymət: 5/51
Qiymət ver:

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunur. Müraciətinizin icra vəziyyəti ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Həmçinin, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. 

Sorğunuzda qeyd olunan halda, icarə haqqı formasında ödənilən məhsulun bazar qiymətindən ödəmə mənbəyində 14 faiz dərəcə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99-cu, 124-cü və 150-ci maddələri.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Sorğunuzla bağlı bildiririk ki, vakant yerlərin mütəmadi yenilənməsini nəzərə alaraq müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndiriləcək.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Həmçinin, Əsasnamənin 1.7-ci maddəsinə əsasən aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:

  • maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
  • prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
  • əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
  • ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.

Həmin Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir. 

Vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqə ilə bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti  üzrə rəsmi qaydada və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla müraciət edə bilərsiniz.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Yuxarıda qeyd olunan müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. 

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
(https://www.taxes.gov.az/az/post/2090

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzləri iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərir.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz: (https://www.taxes.gov.az/az/post/2090).

Ümumi qiymət: 5/52
Qiymət ver: