Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Feyzullayeva Gülnarə fg***@gmail.com ID: 7209
Salam. Müəssisəmiz çörəkbişirmə fəaliyyəti ilə məşğuldur. Bu yaxında Almaniyada olan Beynalxalq Çörəkbişirənlərin Assosiasiyanın üzvü olub, illik üzvlük haqqı ödəmişik. Assosiasıyanın funksiyası müqavilədə belə qeyd edilib – Üzvlüyünüz, maliyyə dəstəyiniz və bizimlə əməkdaşlığınız sizə xüsusi məlumat və yüksək keyfiyyətli analitik xidmətlər təqdim etməyə, təlim və tədqiqat əməkdaşlığı üzrə tərəfdaşlar tapmağa imkan verir. Maraqlı şirkətlər tərəfindən maliyyələşdirilən texniki assosiasiya olaraq biz inkişafları araşdırırıq, konfranslar və şəbəkə iş tədbirləri təşkil edirik və layihələr üçün əməkdaşlıq tərəfdaşlarını səfərbər edirik. Sual 1 – Ödənilmiş üzvlük haqqı ÖMV və, və ya ƏDV-yə cəlb olunmalıdırmı? Sual 2 - Ödənilmiş üzvlük haqqını gəlirdən çıxılan xərclərə salmaq olarmı?
26/01/2023 Oxunub: 378 Orta qiymət: 5

Bildiririk ki, müəssisə tərəfindən qeyri-rezidentə (Assosiasiyaya) ödənilən üzvlük haqları icbari ödəniş hesab olunmadığından həmin ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilmir.

Eyni zamanda, Assosiasiyaya müəssisə tərəfindən ödənilən üzvlük haqları Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərlə bağlı olduğu halda ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilir.

Müəssisə tərəfindən Assosiasiyaya üzvlük haqqının ödənilməsi Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlər vergiyə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 125-ci və 169-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 7160
Bildiyiniz kimi hazırda pərakəndə satış qaydasında fəaliyyət göstərən bir çox satış şəbəkələrində nisyə borc müqaviləsi ilə satışlar olur. Bəzi hallarda müştərilər nisyə borc müqaviləsi ilə aldığı məhsulların dəyərini ödəmirlər və bu kimi hallarda məhsulu nisyə boc müqaviləsi ilə satan hüquqi şəxs qarşı tərəfi məhkəməyə verir. Nəticədə hüquqi şəxsin xeyrinə qərar çıxır və həmin məbləğdə pulun tutulmasına dair qətnamə çıxarılır. Məhkəmə qərarına görə təyin olunan həmin qətnamə ilə aylıq daxil olan ödənişlərə satışı həyata keçirən hüquqi şəxs tərəfindən nəzarət kassa aparatı çeki təqdim edilməlidirmi?
26/01/2023 Oxunub: 273 Orta qiymət: 4

Bildiririk ki, pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki verilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 50.8.14-cü maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş) barədə məlumatlar olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 50-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Eldar Abuşov Elşad el***@gmail.com ID: 7604
Salam. Nəzarət-kassa aparatı üçün hara müraciət etmək lazımdır? Mebel satışı mağazasıdır, fəaliyyətimiz yenidir. Asan imza və VÖEN var.
26/01/2023 Oxunub: 170 Orta qiymət: 5

Bildiririk ki, nəzarət-kassa aparatının qeydiyyata alınması üçün “NKA-nın qeydiyyata alınması haqqında ərizə”, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı, e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra) vergi orqanına elektron qaydada təqdim edilir. 

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətiniz barədə əlavə məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdurahmanov Samir Şəmsəddin Sa***@gmail.com ID: 7600
Salam mənim dostum fiziki şəxsdir və ƏDV ödəyicisidir. İş məqsədləri üçün yük maşını almaq istəyir. Adi vətəndaşdan maşını alıb balansına sala bilərmi, yoxsa hər hansı şirkətdən almalıdırmı? Balansa salmaqla bağlı hər hansı məhdudiyyət varmı?
26/01/2023 Oxunub: 215 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən nəqliyyat vasitəsinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən (vətəndaşlardan) alınması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.  

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bunlarla yanaşı əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci, 130-cu maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Knyazov Kamran me***@mail.ru ID: 7391
Sual 1. Xahiş edirik, Vergi Məcəlləsinin 96.4-cü maddəsində qeyd olunan məşğulluq və əmlak anlayışlarına nəzəri və praktik olaraq ətraflı şəkildə izah verəsiniz. Əgər məşğulluq belə başa düşürəmki iş xidmətdirsə, bu onsuzda 125-ci maddədə demək olar ki, ətraflı sadalanıb və yaxud nədir axı bu anlayış? Əmlak dedikdə, bu hansı növ əmlak nəzərdə tutulur? Ümumiyyətlə bu maddə haqqında heç bir vəsaitdə məlumat yoxdur. Sual 2. Vergi Məcəlləsinin 96.1 -ci maddəsində "Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir". Misal olaraq 500 manat muzdlu işdən gəlirim var əsas iş yerimdən də 200 manat azadolmam. Bu halda ödəmə mənbəyində vergi tutulduğu halda vergitutma obyekti 500 manatdır, yoxsa 300 manat? Mənim fikrimcə ödəmə mənbəyində vergi tutulduğu halda vergitutma obyekti vergiləndirilməsi nəzərdə tutulan 500 manatdır. Xahiş edirəm münasibətinizi bildirəsiniz.
26/01/2023 Oxunub: 298 Orta qiymət: 5

Birinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 96.4-cü maddəsinə əsasən məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinə əsasən məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Həmin qanunun 4.1-ci maddəsinin müddəalarına əsasən muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsasən məşğul şəxslərə aiddir.

Həmçinin Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur.

Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.

Sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 96.4-cü maddəsi qeyri-rezident şəxslərin Azərbaycan Respublikasında məşğulluqdan, o cümlədən sahibkarlıq fəaliyyətindən, həmçinin mal təqdim edilməsindən əldə etdiyi gəlirləri üzrə vergitutma obyektini müəyyən edir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Eyni zamanda Vergi Məcəlləsinin 12.4-ci maddəsinə əsasən vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır.

Beləliklə, qaldırdığınız məsələ üzrə Vergi Məcəlləsinin 96.1-ci maddəsi üzrə gəldiyiniz qənaət doğrudur.

Əsas: Vergi Məcəlləsinin 12-ci, 13-cü və 96-cı maddələri, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Abdullayev Yaqqub Həsən oğlu ya***@gmail.com ID: 7166
Müəssisəmiz müxtəlif şirkətlərə, həmin şirkətlərin adına Azərbaycan Respublikasına idxal olunan malların gömrük rəsmiləşdirilməsi xidmətini həyata keçirir. Sifarişçi şirkətlətin adına olan YGB-nə əsasən idxal vergisi, gömrük rüsumları və sair vergiləri sifarişçi şirkət əvəzinə bizim şirkət ödəyir. Dəqiq qeyd etsək, gömrükdə ödənilən bütün vergi və xidmətlər YGB əsasında birbaşa sifarişçi şirkətlərə təqdim edilir, yəni, mülkiyyət hüququ sifarişçi şirkətlərə verilir. Bizim şirkətin adına heç bir xərc və sair sənəd verilmir. Biz bu xidmətlə bağlı sifarişçi şirkətlərə yalnız xidmət haqqımıza görə elektron qaimə-təqdim edirik. Beləliklə, sifarişçi şirkətlər bizə gömrükdə ödənilən vergi və xidmətlərin dəyərini və bundan əlavə bizim xidmət haqqımızı ödəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1 Elektron qaimə-faktura maddəsinə və Nazirlər Kabinetinin 02 Fevral tarixli 26 saylı Qərarında sifarişçi şirkətlətin adına olan YGB-nə əsasən idxal vergisi, gömrük rüsumları və sair vergiləri sifarişçi şirkət əvəzinə bizim şirkət ödədiyi halda Elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən Sifarişçi şirkətlərə onların adına olan gömrük vergiləri və xidmətləri üçün, (bizm xidmətimizdən əlavə) elektron qaimə təqdim edilməlidirmi? Əgər elektron qaimə təqdim etməliyiksə (bu halda bu məbləğ bizim şirkət üçün gəlir kimi, qəbul ediləcək) sifarişçi şirkətlərin adına olan gömrük vergiləri və xidmətlərini bizim şirkət öz xərclərinə necə aid edə bilərik? Bundan alavə bu gəlir və xərc kmi, təqdim edilən ƏDV bəyannaməsində və Mənfəət vergi bəyannamsində necə əks etdirilməlidir?
26/01/2023 Oxunub: 220 Orta qiymət: 5

Bildiririk ki, sorğuda göstərilən halda müəssisə tərəfindən malların təchiz edilməsi üzrə göstərilən gömrük rəsmiləşdirilməsi xidmətlərinin dəyəri onun vergi tutulan gəlirlərinə aid edilir və həmin gəlirdən gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxılmaqla mənfəət vergisi hesablanır. Müəssisəyə malların təchiz edilməsi üçün idxal zamanı çəkilən xərclərə görə köçürülən vəsaitin dəyəri müəssisənin gəlirlərinə və xərclərinə aid edilmir.

Eyni zamanda ƏDV-nin məqsədləri üçün müəssisə tərəfindən malların təmin edilməsi üzrə göstərdiyi xidmətlərin dəyəri ƏDV-yə cəlb edilir.

Sifarişçi tərəfindən malların alıcısı olan müəssisəyə elektron qaimə-faktura malların təchiz edilməsinə görə verildiyindən, malların təmin edilməsi üzrə göstərilən xidmətlərin dəyəri elektron qaimə-fakturada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi qeyd edilməlidir. Malların dəyərinin müəssisə tərəfindən sifarişçiyə ödənilməsi tərəflər arasında bağlanmış müqavilə, ilkin uçot sənədləri (ödəmə tələbnaməsi, hesab faktura) və ödəniş sənədləri ilə rəsmiləşdirilir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün əməliyyatın tam xarakteri açıqlanmaqla, işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 159-cu və 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Zumrud Huseynli Hadı zu***@gmail.com ID: 7233
Salam, Aşağıda qeyd olunan suallara AR Vergi Məcəlləsinə istinad edərək cavablandırmağınız xahiş olunur. 1. Mənfəət vergi bəyannaməsinin 247-ci sətrində hansı məbləğ qeyd olunmalıdır (numunə ilə izahı) 2. Müəssisə hesabat ilini zərər ilə yekunlaşdırmışdır. Bu halda MMC tərəfindən təssisçiyə dividendin ödənilməsi mümkündürmü? Bu əməliyyat mümkün olduğu halda şirkətin nizamnamə kapitalına hansı formada təsir göstərəcəkdir? 3. Müəssisə satış məqsədi ilə məzillər alır və alınan mənzilləri investisiya mülkiyyəti olaraq tanıyır. Alınan mənzillər əsas vəsait deyildir. Bu zaman əmlak vergisi öhdəliyi yaranırmı? Öncədən təşəkkürlər!
26/01/2023 Oxunub: 362 Orta qiymət: 4

Cavab 1. Bildiririk ki, Mənfəət vergisi bəyannaməsinin 247-ci “VM-in 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” adlı sətrinin A4 xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biləcək yaranmış fərqin məbləği göstərilir.

Misal: 2020-ci il üzrə müəssisə nəqliyyat vasitələri kateqoriyasına aid 100.000,0 manat dəyərində aktivlərə Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz əvəzinə 20 faiz dərəcəsi ilə 20.000,0 manat amortizasiya hesablamışdır. Bunun nəticəsində yaranmış 5.000,0 manat (25.000,0-20.000,0) fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Bu halda 247 sətrinin A4 xanalarında 5.000,0 manat növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği yazılır.

Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Cavab 2. Bildiririk ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 106-3-cü maddəsinin müddəalarına əsasən səhmdar cəmiyyətin xalis mənfəətinin onun maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. 

Göründüyü kimi məhdud və səhmdar cəmiyyətlər tərəfindən xalis mənfəətin bölüşdürülməsi qaydası həmin cəmiyyətlərin təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında və nizamnamələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əsas:  Mülki Məcəllənin 90-1-ci 106-3-cü maddələri.

Cavab 3. Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin müddəalarına əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, müəssisə tərəfindən alınmış daşınmaz əmlaklar əsas vəsaitlər kateqoriyasına aid olmaqla satıldığı dövrədək Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada əmlak vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
İbrahim Abbasov İsmayıl oğlu ib***@gmail.com ID: 7599
Salam, mən Zəngilan Rayon sakiniyəm. Hal - hazırda Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışıq. Mən fiziki şəxslərin sadələşdirilmiş vergi dərəcəsi ilə bağlı məlumat almaq istəyirəm və zəhmət olmasa, bu haqda mənə məlumat verməyinizi xahiş edirəm. 1) Mən İbrahim Abbasov fiziki şəxslər üçün sadələşdirilmiş vergi qeydiyyatın harada və necə açdıra bilərəm? 2) Fiziki şəxslər üçün sadələşdirilmiş faiz dərəcəsi nə qədərdi? 2) Fiziki şəxslər üçün sadələşdirilmiş VÖEN-ni necə əldə edə bilərəm? 3) Hal - hazırda hər hansı Məcburi köçkün statusunda olan fiziki bir şəxs VÖEN vergi ödəyicisi ola bilərmi? Dövlət tərəfindən məcburi köçkün statustunda olan hər hansı fiziki bir şəxs üçün vergi ödəyicisi öhdəliyindən azad olma haqqında bir qanun varmı? 4) Fərz edək ki, mən bərbərəm və icarəyə obyekt götürüb və orada bərbər işləmək istəyirəm və bunun üçün mən fiziki şəxslər üçün VÖENİ- haradan ala bilərəm və yaxud qeydiyyatından haradan keçə bilərəm ? (Məcburi köçkün status öhdəliyi olmaq şərti ilə ) Hörmətlə,
25/01/2023 Oxunub: 172 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalıdır.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Həmçinin bildiririk ki, digər ərazilərdə fəaliyyət göstərən qeyd olunan sahibkarlıq fəaliyyətilə bağlı ödəmələrdə məcburi köçkünlər üçün güzəşt və ya azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əlizadə Əli Vəli oğlu qa***@gmail.com ID: 7487
Salam. Bir sualım olacaq, cavablandırsanız sevinərəm. Əgər bir hərbi qulluqçunun valideyni 1-ci qrup Qarabağ əlilidirsə həmin hərbi qulluqçu hansısa vergidən azad oluna bilər?
25/01/2023 Oxunub: 165 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Göründüyü kimi, qeyd olunan azadolma yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vəzirov Azər Elmar oğlu so***@mail.ru ID: 7598
Mən həm müharibə veteranı, həm məcburi köçkün, həm də həyat yoldaşımın himayəsində üç azyaşlı uşağı olan bir ailə başçısıyam. Yoldaşım heç yerdə işləmir. Bu guzəştlərdən neşəsi mənə şamil oluna bilər? Xahiş edirəm, münasibət bildirəsiniz.
25/01/2023 Oxunub: 166 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni Siz yuxarıda qeyd olunan iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz. 

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 650 manat (400 + 200 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcibə Adışova Adış qızı na***@mail.ru ID: 7596
Vətəndaş olaraq icarəyə verdiyim obyektin müqaviləyə əsasən icarəyə götürən üçüncu şəxslərə icarəyə verməsi, icarəyə verəndə hansı öhdəliyi yarada bilər?
25/01/2023 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu halda icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 7595
Salam. Bilmək istərdim ki, 2022-ci ilin dekabr ayında alınıb istifadəyə verilmiş əsas vəsaitlərə həmin il (2022) üçün amortizasiya normasına uyğun tam illik amortizasiya hesablayıb gəlirdən çıxmaq olarmı?
25/01/2023 Oxunub: 167 Orta qiymət: 4

Bildiririk ki, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri  amortizasiya hesablanması məqsədilə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əlavə edilir və hesabat ili ərzində alınmış əsas vəsaitlər gəlirin əldə edilməsi məqsədləri üçün istifadə edildiyi halda hesablanmış amortizasiya ayırmaları tam olaraq gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı, 115-ci və 143-cü maddələri.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Elvin Mustafayev el***@gmail.com ID: 7594
Salam. Fiziki şəxs (tütün əkini ilə məşğul olan şəxs) özü heç bir müəssisə yaratmadan yəni fiziki şəxs kimi işçi götürərək onlara əməkhaqqı ödəyə bilərmi? Əgər mümkündürsə, həmin şəxsin fəaliyyət kodunda və DSMF və digər ödəmələrində nə kimi dəyişiklik baş verəcək?
25/01/2023 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs hüquqi şəxs yaratmadan da Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edə bilər. Bu zaman vergi ödəyicisinin fəaliyyət kodunda dəyişiklik edilməsi tələb olunmur.

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Bundan savayı, işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları da ödəmə mənbəyində işəgötürən tərəfindən tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmar Ağayev Namiq oğlu ag***@mail.ru ID: 7593
Salam, mənə bir sualda aydınlıq gətiliməsində köməklik edin zəhmət olmasa. Əvəzləşdirilməli olan qaimənin əvəzləşdirilməsi unudulubsa və sonrdan əvəzləşirsə vergi organı məcəllənin 175.1-ci maddəsini əsas götürür və 58.1 ci maddəsinə əsasən cərimə tətbiq edir. Mən bu qədər kitabları oxumuşam, amma bir dəfə də olsun ki, bu barədə bir misal gətirilməyib. Düzdür, misallarda qeyd olunub ki, ödəmələr olan vaxt əvəzləşmə aparıla bilər. Məcəllədə dəqiq yazılmayıb ki, sonradan əvəzləşmə edilirsə, cərimə tətbiq olunmalıdır.
25/01/2023 Oxunub: 219 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannaməsində ƏDV-nin bəyannamənin aid olduğu hesabat dövründə əvəzləşdirmə hüququ olmadan əvəzləşdirilməsi müəyyən edildikdə, əvəzləşdirilən məbləğ bərpa edilməklə büdcəyə çatası vergi məbləğinin azaldılmasına görə vergi ödəyicisinə azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Lamiya Gulamli la***@mail.ru ID: 7590
Salam, hörmətli Dövlət Vergi Xidməti əməkdaşları! Xahiş edirəm, aşağıdakı sualımı cavablandırasınız. Əvvəlcədən çox sağ olun. Fərdi sahibkar öz fərdi sahibkar hesabından (məsələn, banklar üçün Hesablar Planına əsasən 41040 balans hesabı) fiziki şəxs hesabına (məsələn, banklar üçün Hesablar Planına əsasən 41010 balans hesabı) köçürmə etməzdən əvvəl hansı öhdəlik və mükəlləfiyyətlərini icra etməlidir?
24/01/2023 Oxunub: 165 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi hesabat rübündən sonrakı ayın 20-dək ödənilməli və bəyan edilməlidir.

Fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Gəlir vergisi isə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq ödənilməli və bəyan edilməlidir. 

Göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən bank əməliyyatlarından öncə vergi öhdəliyinin icra edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Həmçinin bildiririk ki, vergi ödəyiciləri nağd pul vəsaitlərinin bank hesablarından çıxarılması, digər şəxslərdən qəbulu, kassaya mədaxili və təyinatı üzrə istifadəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nda qeyd olunan tələblərə əmə etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 96-cı, 149-cu, 218-ci və 220-ci maddələri və Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elşad Quliyev Rəfail oğlu el***@gmail.com ID: 7587
Salam. Mən Lerik rayonunda olan pay torpağıma çıxarış almadan, torpaq bölgüsü olarkən verilən sənədlərlə, VÖEN (SUN) açdırmaqla sosial yardım üçün müraciət edə bilərəmmi (ailə üzvləri hamısı sağdır), yəni sosial yardım sistemində (VEMTAS-da) torpaqdan olan gəlirim DVX tərəfindən təmin olunacaqmı?
24/01/2023 Oxunub: 167 Orta qiymət: 5

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Novruzov Həmid he***@mail.ru ID: 7584
2022-ci ilin son rübündə xarici logistika şirkəti Azərbaycana daşınma xidməti etdiyi üçün ona xidmət haqqı ödənişi etməliyəm. Lakin, 2023-cü il olsa da belə hələ ödəniş edilməyib. İlk sualım odur ki, müqavilədə konkret məbləğ qeyd olunmayıb və aylıq nə qədər ton mal satılırsa onun məbləğində, misal olaraq 500 000 USD invoys kəsilir. Mən həmin invoys qədər yazmalıyam ÖMV hesabatında yoxsa 0.94% gəlib (531 914.89 USD) yazmalıyam hesabatda? İkinci sualım isə ödənişi hələ etmədiyimə görə ÖMV hesabatı verilməlidir yoxsa yox?
23/01/2023 Oxunub: 160 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Qeyd olunanlara əsasən, rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə qeyd olunmuş xidmətin dəyərindən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir və xidmətin dəyəri (sorğunuzda 500 000 ABŞ dolları) bəyannamədə qeyd olunur. 

Sorğuda qeyd olunan rezident şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Eyni zamanda bildiririk ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 69-cu, 125-ci, 150-ci və 169-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nemətov Qabil Şəmsəddin oğlu qa***@mail.ru ID: 7583
Salam. Mən MİDA Yasamal layihəsindən mənzil almışam və ödınişi 1 dəfəyə etməklə ümumilikdə 49300 manat etmişəm. ƏDV geri qaytar proqramında movcud olan məsələ ilə əlaqədar olaraq hara və hansı ünvana müraciət etməyim üçün mənə koməklik etməyinizi Sizdən xahiş edirəm.
23/01/2023 Oxunub: 149 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı  xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Məmmədov Sərvər or***@gmail.com ID: 7572
Salam "Kristal Abşeron" MTK-dan 11.12.2020 tarixində ev almışam, bank vasitəsilə. Qanuna görə 01.12.2020 ev alanlara ƏDV düşür. Amma Kristal Abşeron MTK bizə deyirki sizə ƏDV düşmür, biz vergi verməmişik. Biz hara müraciət edək?
21/01/2023 Oxunub: 152 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirələm Əlizadə Zahir me***@gmail.com ID: 7570
Salam. Bilmək istəyirəm ki, car il üçün vergi xidmətinin qəbul imtahanı keçiriləcək və nə zaman?
20/01/2023 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

0/5 (0 Orta qiymət)
Qiymət ver: