Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” təsdiq edilib

Beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması və vergidən yayınma sxemlərinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na bir sıra dəyişikliklər edilib. 

Dəyişikliklər, əsasən, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”nin (BEPS) 13-cü Fəaliyyət Planında əksini tapan məsələlər - transfer qiymətləri üzrə sənədləşməyə dair tələblərin daxil edilməsi, nəzarət olunan əməliyyatlar üzrə qol uzunluğu qiymətlərinin müəyyən edilməsi üçün yenilənmiş hesablama mexanizminin  tətbiqi, həmçinin ikiqat vergitutma riskinin azaldılması ilə bağlıdır. Eyni zamanda, bu dəyişikliklər vergi orqanı və vergi ödəyicisi üçün əlavə resurs cəlbetmə xərclərinin aradan qaldırılması ilə yanaşı, uzun sürən audit yoxlamalarının aparılması zərurətinin aradan qaldırılması və mübahisələrin yaranma ehtimalının azaldılması baxımından əhəmiyyət daşıyır, həmçinin vergi ödəyicisi ilə vergi orqanı arasında transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi (APA) yanaşmasının təkmilləşdirilməsi məsələlərini əhatə edir.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsi ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. Tələb olunan sənədlərin siyahısına müəssisə qrupu, yoxlanılan müəssisə və nəzarət olunan əməliyyatlar barədə məlumatlar, eləcə də lokal, master fayllar və digər aidiyyəti sənədlər daxildir. 

Sözügedən Qaydaların 9.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparılmazdan əvvəl transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması üçün müvafiq müqavilə ilə birlikdə əməliyyatın bütün təfsilatları barədə məlumatlarla birgə ərizə ilə vergi orqanına müraciət edə bilər.

Qeyd edilənlər nəzərə alınmaqla, Dövlət Vergi Xidmətinin 28 aprel 2023-cü il tarixli əmri ilə “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” təsdiq edilib.

Vergi ödəyicisi transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı müraciət edərkən halda, nəzarət olunan əməliyyatın transfer qiymətinin müəyyən edilməsinə dair hazırlanmış transfer qiyməti təhlil sənədini təqdim etmirsə, bu zaman müraciətə Ərizə formasında qeyd edilmiş sənədlərin təqdim edilməsi tələb olunur.

Vergi ödəyiciləri “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”, eyni zamanda “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” ilə Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Beynəlxalq vergi münasibətləri” bölməsində tanış ola bilərlər.